AZƏRBAYCAN SADİQ MÜTTƏFİQ VƏ ETİBARLI TƏRƏFDAŞDIR
Azərbaycan hərbi qulluqçuları İraqın qərbində yerləşən Hətit bəndini qoruyan çoxmillətli qüvvələrdə sayca üstündürlər. Bu qurğu İraqın Əl-Ənbar bölgəsini elektrik enerjisi ilə təmin edir.
Qəzet Azərbaycan sülhməramlılarına illüstrasiyalı səhifə ayıraraq, onların gecə-gündüz vicdanla xidmət etməsindən danışır. Baş leytenant Qlenn Peycin dediyi kimi, onların həmin bənddə xidmət çəkdikləri dövrdə orada heç bir qanqaraldıcı hadisə baş verməyibdir.
Bu kiçik əsgər qrupu Azərbaycanın İraqda olan ikinci sülhyaratma kontingentidir. Bundan əvvəl bir çox azərbaycanlılar ABŞ əsgərləri ilə birlikdə işləmişlər. Batalyonun komandiri F.Məmmədov deyir ki, mən özüm İraqa gəlməzdən öncə Kosovoda ABŞ əsgərləri ilə birlikdə işləmişəm. Biz Kosovoda uğur qazandıq. Daha böyük nailiyyət əldə etmək üçün burada da səylə çalışırıq.
Kapitan F.Məmmədov bildirir ki, İraq və Azərbaycan eyni dinə etiqad edir. Buna baxmayaraq, biz, hər şeydən əvvəl, əsgərik. Öz əsgəri borcumuzu hər şeydən üstün tuturuq. Mən burada olmağımızı və Amerika əsgəriləri ilə birgə işləməyimizi gözəl anlar sayıram.
Məqalədə vurğulanır ki, Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-ın sadiq müttəfiqi olmuşdur.
Azərbaycan hökuməti 2003-cü ilin avqustunda Birləşmiş Ştatların İraqda keçid dövründə təhlükəsizliyin təmin edilməsinə və ölkənin yenidən qurulmasına yardım göstərilməsi barədə çağırışına ilk dövlətlər sırasında qoşularaq, Amerika əsgərləri ilə çiyin-çiyinə xidmət çəkmək üçün 150 hərbçi ayırmışdır.
Beləliklə, İraq Əfqanıstandan və Kosovodan sonra Azərbaycan sülhyaratma kontingentinin beynəlxalq qüvvələrin tərkibində qayda-qanunun, sülhün, azadlığın və təhlükəsizliyin bərpa olunması uğrunda mübarizə apardığı üçüncü ölkədir.
11 sentyabr hücumlarından sonra Azərbaycan hökuməti Birləşmiş Ştatları qeyd-şərtsiz dəstəklədiyini bildirmiş və ABŞ-ın başçılıq etdiyi antiterror koalisiyasına öz yardımını təklif etmişdir. Azərbaycan öz hava dəhlizini və bazalarını ABŞ üçün açıq saxlayır, habelə informasiya mübadiləsində və hüquq mühafizə orqanlarının əməkdaşlığında iştirak edir.
Uzun illərdən bəri terrorizmdən zərər çəkən və onun dəhşətlərinə dərindən bələd olan Azərbaycan hələ 11 sentyabr hadisələrindən əvvəl terrorizmə qarşı mübarizədə yaxşı əməkdaşlıq təcrübəsinə malikdir, 1998-ci ildə ABŞ-ın Şərqi Afrikadakı səfirliyinin partladılmasının araşdırılmasına kömək etmiş, habelə ABŞ-ın Bakıdakı diplomatik nümayəndəliyinə qarşı terror aktları təhlükəsi ilə mübarizədə səfirliklə birgə işləmişdir.