Azərbaycan şahmatçıları Olimpiadaya hazırlığa başlayıblar
Bakı, 9 iyun, AZƏRTAC
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan şahmatçıları intensiv məşqlərə başlayırlar. Bununla əlaqədar iyunun 9-da Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov ölkəmizin kişi şahmatçılardan ibarət əsas komandasının üzvləri ilə görüşüb.
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə milli komandanın Olimpiadaya hazırlıq planı müzakirə edilib. Elman Rüstəmov mötəbər yarışa hazırlıq üçün şahmatçılara lazımi şəraitin yaradılacağını söyləyib. Qeyd edib ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi xalqımızı daim qələbələrlə sevindirib. Ümumdünya Şahmat Olimpiadasında da komandaya böyük ümidlər bəslənilir.
Görüşdə Federasiyanın vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənov da iştirak ediblər.
Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin üzvləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Eltac Səfərli və Rauf Məmmədov görüşdən sonra təlim-məşq toplanışında iştirak etmək üçün Qəbələyə yollanıb. Komanda mötəbər yarışa hazırlıq çərçivəsində üç təlim-məşq toplanışında iştirak edəcək. İlk hazırlıq mərhələsi Qəbələdən başlayır. Burada Azərbaycan millisi fransalı qrossmeyster Etyen Bakronun rəhbərliyi ilə məşq edəcək.