Azərbaycan səfiri Vyetnam Elmlər Akademiyasında ölkəmizin müasir tarixinə dair mühazirə oxuyub
Hanoy, 2 iyun, AZƏRTAC
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov bu ölkənin Elmlər Akademiyasında “Azərbaycanın müasir tarixi: çağırışlar və nailiyyətlər” mövzusunda mühazirə oxuyub.
Akademiyanın İnsan Araşdırmaları İnstitutu və Avropa Araşdırmaları İnstitutunun rəhbərliyinin, elmi işçilərinin, gənc tədqiqatçıların iştirak etdikləri mühazirədə səfir A.İmanov Azərbaycan xalqının milli azadlıq mübarizəsi, 20 Yanvar faciəsi, XX əsrin sonunda dövlət müstəqilliyinin bərpası, Ermənistanın hərbi təcavüzü, Xocalı soyqırımı, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından danışıb.
Diplomat Ulu Öndərin rəhbərliyi altında Azərbaycanın müasir dövlətçiliyinin, sosial-iqtisadi inkişafının əsasının qoyulması, Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi barədə də ətraflı məlumat verib.
Azərbaycanın liderliyi ilə həyata keçirilən enerji və infrastruktur layihələri haqqında danışan səfir A.İmanov Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələrin regionun inkişafında, Avropanın enerji təhlükəsizliyinin təminatında rolundan danışıb.
Diplomat ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyini, 2012-2013-cü illər üzrə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğunu, respublikamızın beynəlxalq əhəmiyyətli mötəbər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb. Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə məlumat verən səfir Azərbaycanın müvafiq qurumlarının bu Oyunların yüksək səviyyədə təşkili üçün lazımi işlər gördüyünü bildirib.
A.İmanov mühazirəsində Azərbaycan-Vyetnam münasibətlərindən də bəhs edib, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın inkişaf etdiyini bildirib. Vurğulayıb ki, son bir ildə Azərbaycan və Vyetnam prezidentlərinin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verib.
Mühazirə zamanı Azərbaycanın müasir tarixinin müxtəlif dövrlərindən bəhs edən videoçarxlar, həmçinin birinci Avropa Oyunları barədə videoreportaj nümayiş etdirilib.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, səfirliyin Vyetnam dilində nəşr etdirdiyi kitablar təqdim olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy