Azərbaycan səfirliyi Ukrayna Milli Qvardiyası zabitlərinin peşəkarlığını yüksək qiymətləndirib
Kiyev, 23 iyun, AZƏRTAC
Ukrayna Milli Qvardiyasının diplomatik nümayəndəliklər və konsulluq idarələrinin mühafizəsi üzrə 22-ci əlahiddə briqadasının yaradılmasının 24-cü ildönümü münasibətilə Kiyevdə tədbir keçirilib. Tədbirdə Ukrayna siyasi isteblişmentinin, güc strukturlarının, paytaxtda akkreditə olunmuş diplomatik korpusun, Kiyev Hərbi Attaşelər Assosiasiyasının təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə, həmçinin Azərbaycan səfirliyinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Ukrayna Milli Qvardiyasının 22-ci əlahiddə briqadasının komandiri, polkovnik Vitali Stetsikə və onun müavini, polkovnik Aleksandr Stulinə əməkdaşlığa, Azərbaycan səfirliyi binasının mühafizəsi və təhlükəsizliyinin təmin edilməsində peşəkarlığa və yüksək göstəricilərə görə səfirliyin fəxri fərmanı təqdim edilib.
Rəsmi hissədən sonra bu şanlı briqada haqqında film nümayiş etdirilib, habelə bayram konserti və şam yeməyi təşkil olunub.
Xatırladaq ki, aprelin 27-də Azərbaycanın Kiyevdəki səfirliyinin qarşısında diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı plana uyğun taktiki və xüsusi təlimlər keçirilib. Tədbir Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti və Ukrayna Milli Qvardiyasının diplomatik nümayəndəliklər və konsulluq idarələrinin mühafizəsi üzrə 22-ci əlahiddə briqadasının birgə təşkilatçılığı ilə keçirilib. Təlimə Ukrayna Milli Polisi, xüsusi xidmət və digər hüquq-mühafizə orqanlarının qüvvələri də cəlb edilib. Peşəkar və yüksək səviyyədə keçirilən tədbir əlaqədar strukturlarla sıx ikitərəfli əməkdaşlığı bir daha təsdiqləyib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev