Azərbaycan Silahlı Qüvvələri Günü İslamabadda qeyd edilib
İslamabad, 29 iyun, AZƏRTAC
İslamabadda Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə rəsmi qəbul keçirilib.
Qəbulda Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndirilib.
Səfir Əli Əlizadə tədbirdə çıxış edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə orduda aparılan islahatlar haqqında məlumat verib. O bildirib ki, bu islahatların nəticəsi olaraq Azərbaycan Ordusu bu gün regionun ən güclü və müasir ordusudur.
Səfir bildirib ki, Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində Azərbaycan uzun müddətdir müharibə şəraitində yaşayır, torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, Xocalı soyqırımı, digər cinayətlər törədilib. Diplomat bu gün Azərbaycan Ordusunun döyüş hazırlığının yüksək səviyyədə olduğunu və torpaqlarımızı hər an azad etməyə qadir olduğunu diqqətə çatdırıb.
Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana göstərdiyi dəstəyin daim məmnunluqla qarşılandığını bildirən səfir ölkələrimiz arasında əlaqələrin möhkəm və əbədi olduğunu bildirib.
Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi, polkovnik Mehman Novruzov Silahlı Qüvvələrimizin yaranma tarixi və inkişafı yolundan danışıb. O, müasir silahlarla silahlanmış, peşəkar və vətənpərvər kadrlardan ibarət olan Azərbaycan Ordusunun güclü ordu olduğunu diqqətə çatdırıb. Hərbi attaşe Ermənistanın aprel ayının əvvəlində törətdiyi təxribatlara cavab olaraq Silahlı Qüvvələrimizin əks-hücuma keçməsi və qısa müddət ərzində düşmənin müdafiə xəttini yararaq 20 ildən artıq işğal altında qalan torpaqlarımızın bir hissəsinin azad etməsini diqqətə çatdırıb. O qeyd edib ki, ordumuz yüksək döyüş qabiliyyətinə malikdir və qarşıya qoyulmuş tapşırıqları tam yerinə yetirməyə qadirdir.
Azərbaycanla Pakistan arasında münasibətlərin bütün istiqamətlərdə yüksək səviyyədə olduğunu qeyd edən hərbi attaşe bu əlaqələrin hərbi sahəni də əhatə etdiyini diqqətə çatdırıb. O, Azərbaycan-Pakistan Silahlı Qüvvələri arasında əməkdaşlığın ildən-ilə daha da genişləndiyini vurğulayıb.
Qəbulda Azərbaycanın və Azərbaycan Silahlı Qüvvələrinin inkişafını, ordumuzun hazırkı döyüş qabiliyyətini, maddi-texniki bazasını əks etdirən videoçarx və fotoşəkillər nümayiş olunub.
Tədbirdən sonra tədbir iştirakçıları iftar süfrəsinə dəvət edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad