ORDU
Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 24 il ötür
Bakı, 5 yanvar, AZƏRTAC
Yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 24 il ötür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə 1994-cü ildə Füzuli rayonunun 21 kəndinin və Horadiz qəsəbəsinin düşmən işğalından azad olunmasında iştirak etmiş 702 saylı briqadanın keçmiş döyüşçüləri yanvarın 5-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Sonra briqadanın keçmiş döyüşçüləri Şəhidlər xiyabanında döyüş yoldaşlarının məzarlarını ziyarət ediblər.
Ziyarətə həmin hərbi hissənin əsgər və zabitləri, həmçinin hazırda Silahlı Qüvvələrin sıralarında xidmətini davam etdirən zabit heyəti qatılıb.
Hərbi hissənin zabiti olmuş Azərbaycanın Milli Qəhrəmanı, şəhid Elxan Zülfüqarovun məzarı önündə çıxış edən 702 saylı hərbi hissənin sabiq komandiri, polkovnik Şair Ramaldanov qeyd edib ki, Horadiz əməliyyatı 1994-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyat olub. Horadiz əməliyyatı Azərbaycanın hərb tarixində qürurverici qələbədir. Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20-dən çox kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. Bu uğurlu əməliyyat ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. “Həmin döyüşlərdə düşmənə güclü zərbə endirdik, şəhidlərimizin qisasını aldıq. Həlak olan döyüşçü yoldaşlarımızın qisasını aldıq. Biz torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirik. Bu dəfə düşmənə zərbəmiz daha ağır olacaq”, - deyə polkovnik Şair Ramaldanov bildirib.
Qeyd olunub ki, Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsində hərbçilərlə görüşərək onlarda ruh yüksəkliyi yaratması nəticəsində nail olub.
Azərbaycan Ordusu həmin döyüşlərdə düşmənə öz gücünü göstərib. Horadiz əməliyyatı zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib, onlarla döyüş texnikası, xeyli sayda silah-sursat qənimət kimi ələ keçirilib.
Ulu öndər Heydər Əliyevin göstərişi ilə Horadizdə və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanılıb. Ötən dövrdə təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. İşğaldan azad edilmiş həmin yaşayış məntəqələrində hazırda 60 mindən artıq əhali yaşayır.
Digər çıxış edənlər də Horadiz əməliyyatını hərb tariximizin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri var. Məhz Horadiz əməliyyatı ilə Azərbaycan Ordusunun qələbə əzmi özünə qayıdıb.
Çıxışlarda Prezident İlham Əliyevin qətiyyəti sayəsində işğal altındakı torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunacağına əminlik ifadə edilib.