AZƏRBAYCAN-TACİKİSTAN ƏLAQƏLƏRİNİN İNKİŞAFINA PARLAMENTLƏR LAYİQLİ TÖHFƏ VERİR
Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 14-də Milli Məclisdə olmuşdur.
Ali qonaq və nümayəndə heyətinin üzvləri əvvəlcə Milli Məclisin iclas zalında oldular, yaradılmış iş şəraiti ilə maraqlandılar. Prezident Emoməli Rəhmon iclas zalının müasir standartlara uyğun qurulduğunu qeyd etdi.
Sonra Tacikistan dövlətinin başçısı və nümayəndə heyətinin üzvləri parlamentdə “Heydər Əliyev xatirə zalı” ilə tanış oldular, buradakı eksponatlarla yaxından maraqlandılar.
Tacikistan Prezidenti Emoməli Rəhmon muzeyin xatirə kitabına ürək sözlərini yazdı.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşdü.
Qonağı səmimiyyətlə salamlayan O.Əsədov dedi ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, iqtisadi-siyasi əlaqələrin genişlənməsində və möhkəmlənməsində prezidentlərin səfərlərinin xüsusi rolu vardır. Cari ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri zamanı imzalanmış sənədlər ölkələrimiz arasında çoxşaxəli əlaqələrin daha da genişlənməsi üçün hüquqi baza yaratmışdır.
Tacikistan Prezidenti Emoməli Rəhmonun Bakıya indiki səfəri çərçivəsində imzalanmış sənədlərin səmərəli əməkdaşlıq üçün yaxşı zəmin yaratdığını vurğulayan Milli Məclis sədri, hər iki tərəfin bu əlaqələrin inkişafına diqqət yetirdiyini bildirdi.
Oqtay Əsədov ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin roluna toxunaraq, Milli Məclisdə Azərbaycan-Tacikistan dostluq qrupunun fəaliyyət göstərdiyini diqqətə çatdırdı, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğuladı. Milli Məclis sədri ölkələrimiz arasında münasibətlərin inkişafına parlamentlərin də layiqli töhfə verdiyini söylədi.
Respublikamızın dinamik iqtisadi inkişafı, ölkəmizin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı regional enerji və nəqliyyat layihələri haqqında məlumat verən Oqtay Əsədov, Azərbaycan ilə Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensial olduğunu diqqətə çatdırdı.
Milli Məclis sədri ali qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdi, problemin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin vacibliyini vurğuladı. O, Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyinə görə Tacikistan tərəfinə minnətdarlığını bildirdi.
Tacikistanda Azərbaycan ilə əlaqələrin dərinləşməsinə həmişə xüsusi diqqət yetirildiyini vurğulayan Prezident Emoməli Rəhmon, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin martında Tacikistana rəsmi səfərinin münasibətlərin inkişafına güclü təkan verdiyini dedi.
Ölkəmizdə gedən nəhəng quruculuq işlərinə, dinamik inkişafa, yüksəlişə heyranlığını bildirən Tacikistan Prezidenti Azərbaycan dövlətinin başında çox nüfuzlu və peşəkar siyasi xadimin dayandığını vurğuladı.
Tacikistan ilə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdıran Emoməli Rəhmon, bir çox məsələlərdə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü söylədi, dost və qardaş dövlətlərimizin bütün sahələrdə əlaqələrinin inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.