Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli biznes forumunun keçirilməsi məsələləri müzakirə edilib
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze ilə görüşüb.
ASK-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanla Gürcüstan arasında münasibətlərin həmişə yüksək səviyyədə olduğunu vurğulayan konfederasiya prezidenti ümummilli lider Heydər Əliyevin müdrik qərarı ilə Bakı-Tbilisi-Ceyhan neft-boru kəmərinin və sonradan Prezident İlham Əliyevin əldə etdiyi razılaşmaya əsasən, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçməsi sayəsində ölkələrimiz arasında iqtisadi bağların daha da möhkəmləndiyini bildirib. Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini xatırladan M.Musayev azərbaycanlı iş adamlarının Gürcüstana böyük investisiyalar yatırdıqlarını da vurğulayıb.
Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edən səfir Z.Pataradze Şuşanın alınması xəbərinin onun üçün sevindirici olduğunu vurğulayıb. Bildirib ki, Gürcüstan və Azərbaycan arasında gələcəkdə də iqtisadi münasibətlərin yüksələn xətlə inkişafı üçün mövcud imkanlardan istifadə edilməlidir.
Daha sonra səfir bu yaxınlarda Gürcüstanın Baş nazirinin Azərbaycana işgüzar səfərinin planlaşdırıldığını bildirib, Azərbaycan-Gürcüstan iqtisadi komissiyasının görüşü çərçivəsində biznes-forumun keçirilməsini konfederasiya prezidentinə təklif edib.
M.Musayev bu yaxınlarda Gürcüstanda çalışan azərbaycanlı iş adamlarının təşkilatı olan AZEBİ ilə ASK arasında əməkdaşlıq memorandumunun imzalandığını xatırladıb. O, Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatında biznes əlaqələrinin davam etdirilməsinin vacibliyini bildirərək hər üç ölkənin iş adamlarının iştirakı ilə birgə biznes-forum keçirməsini təklif edib.
Səfir bu təklifi razılıqla qarşılayaraq gələcək əməkdaşlıq perspektivləri ilə bağlı öz təkliflərini irəli sürüb.
Görüşdə Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli biznes forumunun keçirilməsi üçün təşkilatı məsələlərin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.