AZƏRBAYCAN-UKRAYNA İŞÇİ QRUPUNUN İKİNCİ İCLASI KEÇİRİLMİŞDİR
İclası giriş sözü ilə açan İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev tədbirin məqsədi, Azərbaycanla Ukrayna arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti barədə məlumat vermiş, əməkdaşlığın dinamik inkişaf etdiyini nəzərə çatdırmışdır.
Azərbaycan-Ukrayna əməkdaşlığının perspektivlərinə toxunan S.Vəliyev bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırmış, iş adamlarını mövcud potensialdan səmərəli istifadə etməyə çağırmışdır.
İclasda Azərbaycanda biznes mühiti, investisiya imkanları, sahibkarlığın inkişafı, antiinhisar siyasəti, sahibkarlığa dövlət dəstəyi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.
Tədbirdə Ukrayna nümayəndə heyətinin üzvləri ölkələrimiz arasında iqtisadi əməkdaşlıq sahəsində əldə olunmuş nailiyyətlər, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışmışlar.
İşçi qrupun iclasında ölkələrimizin qida, heyvandarlıq, şərabçılıq, maşınqayırma, mühəndis xidmətləri və digər sahələri təmsil edən iş adamları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində Ukrayna nümayəndə heyətinin üzvləri “Bakı Şampan Şərabları” ASC-yə getmiş, müəssisə ilə tanış olmuşlar.