“AZƏRBAYCAN ÜZÜMÜ” ATLASI İLK DƏFƏ ÇAPDAN ÇIXMIŞDIR
XX əsrin 60-80-ci illərində, xüsusilə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-82-ci illərdə onun xüsusi qayğısı sayəsində respublikada üzümçülük görünməmiş inkişaf səviyyəsinə çatmışdı. Ancaq bunun müqabilində üzümçülüyü hərtərəfli əhatə edən elmi əsərlər lazımi səviyyədə olmamışdır.
Atlasda maraq doğuran cəhətlərdən biri odur ki, üzüm sortlarının indiyəqədərki mövcud təsvirlərində göstərilən məlumatları qənaətbəxş hesab etməyən müəllif yeni məlumatlar əlavə etmişdir. Məsələn, müəllif respublikanın yerli üzüm sortu olan Bayanşirənin üzümçülərə məlum olmayan yeni bioloji və təsərrüfat xüsusiyyətlərini göstərir. İndiyədək bu sortun bar əmsalının bir olması göstərildiyi halda, F.Şərifov bunun ikidən bir qədər az və yaxud bir qədər çox olduğunu bildirir. Alim öz elmi təcrübələrinə əsaslanaraq yazır ki, suvarılan münbit torpaqlarda, yüksək aqrofonda bu sortun əkildiyi hər hektardan, əvvəlki təsvirlərdə olduğu kimi 200-300 sentner yox, daha çox - 800-1000 sentnerə qədər məhsul götürmək mümkündür.
F.Şərifov müəllifi özü olduğu “Nail” sortu haqqında dünyadakı mövcud üzüm sortlarının heç birinə məxsus olmayan məlumatlar verir.
Ölkəmizdə becərilən 100-ə yaxın üzüm sortunun mənşəyi, yayılma coğrafiyası haqqında dəqiq məlumat verilən atlas üzümçülük təsərrüfatlarının rəhbərləri, tələbələr, tədqiqatçılar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Atlasdakı bütün məlumatlar Azərbaycan, rus və ingilis dillərində verilmişdir ki, bu da onun coğrafiyasını genişləndirəcəkdir.