Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 6 noyabr (AZƏRTAC). Bakıda səfərdə olan Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiyanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı sahəsində mövcud əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Nazir Heydər Əsədov ölkələrimiz arasında münasibətlərin ümummilli lider Heydər Əliyevin sayəsində daha da möhkəmləndirildiyini və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini qeyd etmiş, dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan, həyata keçirilən layihələrdən danışmışdır.
Azərbaycan və Gürcüstan arasında tarixən formalaşmış dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən nazir Heydər Əsədov kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruri olduğunu vurğulamışdır. Heydər Əsədov sitrus, çay və üzüm bitkilərinin yeni sortlarının genetik materialları ilə mübadilə, Azərbaycanın toxumçuluq müəssisələrində istehsal olunan yüksək keyfiyyətli toxumların Gürcüstanın heyvandarlıq təsərrüfatlarında istifadəsi, həmçinin kənd təsərrüfatı məhsullarının Gürcüstan bazarına ixrac həcminin artırılması ilə bağlı təkliflər irəli sürmüşdür.
Heydər Əsədov Azərbaycan və Gürcüstanın aqrar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutları arasında əməkdaşlığın genişləndirilməsi, gənc mütəxəssislərin hazırlanması və Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyətinin Gürcüstanın aparıcı ali məktəbləri və elmi mərkəzlərində təcrübə keçməsi ilə bağlı proqramların həyata keçirilməsinin vacibliyini də diqqətə çatdırmışdır.
Şalva Pipiya iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı yüksək qiymətləndirərək, bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirmişdir.
Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze iştirak etmişdir.