Azərbaycan və Moldova transsərhəd cinayətlərə dair qarşılıqlı məlumat mübadiləsi mexanizminin yaradılmasını müzakirə edib
Kişineu, 21 fevral, AZƏRTAC
Moldova və Azərbaycan arasında sıx və dostluq əlaqələri mövcuddur. İki ölkə arasında siyasi dialoq daha da inkişaf etdirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Moldovanın daxili işlər naziri Adrian Efros Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevlə görüşündə deyib.
Müzakirələr zamanı hər iki tərəf daxili işlər sahəsində əməkdaşlığın vəziyyətini təhlil edib, bu illər ərzində həyata keçirilən birgə layihələri xatırladıblar. Səfir Ü.Baxşəliyev iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daim inkişafına dəstək verəcəyini vurğulayıb.
İkitərəfli əməkdaşlığa gəlincə, görüşdə Moldova və Azərbaycan Daxili İşlər nazirlikləri arasında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsi perspektivləri, həmçinin cinayət axtarışları və miqrasiya kimi sahələrdə əməkdaşlığın prioritetləri müzakirə edilib.
Nazir Adrian Efros qarşıdakı dövrdə nazirliyin inkişaf proqramı üzərində intensiv işlərin genişləndiriləcəyini və cinayət araşdırmalarında qabaqcıl təcrübə və standartların müəyyənləşdirilməsinə çalışılacağını qeyd edib.
Görüşdə, həmçinin transsərhəd cinayətlərə dair qarşılıqlı məlumat mübadiləsi mexanizminin yaradılması və Azərbaycan Respublikasında tətbiq edilən təhlükəsizlik sistemləri ilə tanışlıqdan danışılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu