Azərbaycan və Özbəkistan mütəxəssisləri fındıqçılığın inkişaf etdirilməsi üçün əməkdaşlıq edəcəklər
Quba, 5 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan və Özbəkistanda fındıqçılığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 5-də Özbəkistanın “Uz Nuts” Qərzəkli Meyvə Bitkiləri İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini İlyos Haydarov və Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər ediblər.
İnstitutun direktoru İlham Qaraqurbanlı qonaqlara Azərbaycanda fındıqçılığın inkişaf etdirilməsi, innovativ üsulla fındıq bağlarının salınması və institutun fındıqçılıq sahəsində gördüyü işlər barədə, habelə Xorvatiya, Ukrayna və Böyük Britaniya ilə birgə həyata keçirilən layihə haqqında məlumat verib.
İlyos Haydarov Özbəkistanda fındıqçılığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdən sonra qonaqlar Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zərdabi adına Elmi-Təcrübə Bazasının ərazisində yeni superintensiv texnologiya əsasında salınan fındıq bağı ilə tanış olublar.