Azərbaycan və Pakistan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
İslamabad, 26 yanvar, АZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Milli Assambleyasının xarici əlaqələr komitəsinin sədri Aveys Əhməd Xan Leqari ilə görüşüb.
Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edən Əli Əlizadə ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini bildirib.
Ə.Əlizadə Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığı, həmçinin bu ilin fevral ayında 25-ci ildönümü tamam olacaq Xocalı soyqırımı ilə bağlı Pakistan Senatının xarici əlaqələr komitəsi tərəfindən 2012-ci ildə qəbul edilmiş qətnamənin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Diplomat təcavüzkar Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Ə.Əlizadə Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələrdən də danışıb. O, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında Pakistan Milli Assambleyasının önəmli rolunun olduğunu qeyd edib.
Aveys Əhməd Xan Leqari vaxtilə Pakistan Prezidenti olmuş atası Sərdar Faruq Əhməd Xan Leqari ilə Azərbaycana səfər etdiyini və ölkəmiz haqqında xoş təəssüratlarının olduğunu vurğulayıb. O, Azərbaycanın Kəşmir məsələsi ilə bağlı mövqeyinə görə təşəkkür edib, Xocalı soyqırımının unudulmadığını bildirib.
Görüşdə, həmçinin Pakistan Milli Assambleyasının xarici əlaqələr komitəsi ilə qarşılıqlı layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad