Azərbaycan və Qazaxıstan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlığı genişləndirir
Bakı, 23 iyun, AZƏRTAC
Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, o cümlədən Qazaxıstana, eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə yeni əməkdaşlıq imkanlarının güclənməsində və iqtisadi əlaqələrin artmasına səbəb olur.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avro-Atlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir və bir-birinə qarşılıqlı dəstək verir.
Aydın Hüseynov əlavə edib ki, hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticarət və iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Vurğulayıb ki, Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan layihəsi Qazaxıstan üçün strateji əhəmiyyət kəsb edir.
Deputatın sözlərinə görə, ölkələr arasında iqtisadi potensial da böyükdür. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 500 milyon dollara yaxın olub, tərəflər bu rəqəmi 2 dəfə artırmağı nəzərdə tutur. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub.
Milli Məclisin deputatı bildirib ki, Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaratmaqdadır, xüsusilə də Mərkəzi Asiya ölkələrinin də təmsil olunduğu Türk Dövlətləri Təşkilatının bu bölgəyə inteqrasiyası güclənməkdədir. Yeni İpək Yolunun Orta Dəhlizinə çevrilən Azərbaycan Şərq-Qərb nəqliyyat magistralının əsas nöqtələrindən biri olan Mərkəzi Asiya ilə əlaqələri də gücləndirir. Xüsusilə də Zəngəzur dəhlizinin yaradılması Çin-Mərkəzi Asiya və Avropanın sıx inteqrasiyası artmış olacaq ki, bu prosesdə əsas xətt Azərbaycanın ərazisini əhatə edəcək.
Qeyd edib ki, Qazaxıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq layihələrinə də maraq göstərir və bu prosesdə yaxından iştirak niyyətini bəyan edib. Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilməkdədir ki, bu qardaş ölkənin yeni layihələrə başlaması üçün ilk təməllərdən biridir.