AZƏRBAYCAN VƏ QAZAXISTAN NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
Prezident Nursultan Nazarbayev dövlətimizin başçısı İlham Əliyevi və onu müşayiət edən nümayəndə heyətinin üzvlərini salamlayaraq, bu səfərin uğurlu, faydalı olacağını vurğuladı və dedi ki, Azərbaycanla ikitərəfli münasibətlərin inkişafı Qazaxıstan üçün çox vacibdir. Bu baxımdan Prezident İlham Əliyevin Astanaya ilk dövlət səfərinin böyük əhəmiyyəti vardır. Biz Azərbaycanla əlaqələrin siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişaf etməsini istəyirik. Qazaxıstan rəhbəri BMT, MDB, İslam Konfransı Təşkilatı və digər qurumlar çərçivəsində uğurlu əməkdaşlığı da xatırlatdı, beynəlxalq məsələlərə münasibətdə qarşılıqlı anlaşma olduğunu bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev yüksək qonaqpərvərliyə görə Prezident Nursultan Nazarbayevə təşəkkür edərək dedi ki, ikitərəfli əlaqələrin hərtərəfli inkişafı ölkələrimizin və xalqlarımızın ümumi mənafelərinə cavab verir. Əminəm ki, mövcud dostluq və qardaşlıq əlaqələri bundan sonra daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz arasında Xəzərin statusuna dair tam razılığın əldə olunması böyük nailiyyətdir və Azərbaycan Qazaxıstanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına, Avropaya çatdırılması üçün çox əlverişli və təhlükəsiz bir yer olacaqdır.
Görüşdə bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi edildi.