AZƏRBAYCAN VƏ QAZAXISTAN PREZİDENTLƏRİNİN BİRGƏ MƏTBUAT KONFRANSI
Dövlət başçıları bəyanatla çıxış etdilər.
Prezident Nursultan Nazarbayev bildirdi ki, Azərbaycanla Qazaxıstan arasında iqtisadi əlaqələr çox yüksək səviyyədədir, xüsusilə enerji daşıyıcılarının nəqli sahəsində gələcəkdə həyata keçiriləcək layihələr böyük əhəmiyyətə malikdir. Bakı-Aktau layihəsi başa çatdıqdan sonra Qazaxıstan neftini qısa yolla dünya bazarlarına çatdırmaq mümkün olacaqdır. Bu işdə Bakı-Tbilisi-Ceyhan neft kəməri mühüm rol oynayacaqdır. Qazaxıstanla Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq edirlər və bunun geniş perspektivi vardır. Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına kömək edəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana rəsmi səfərə dəvətə görə Prezident Nursultan Nazarbayevə bir daha təşəkkür edərək dedi ki, bu səfər ikitərəfli əlaqələrin yeni mərhələsinin əsasını qoyacaqdır. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Bunda Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Məhz onların səyləri sayəsində bu gün hər iki ölkədə demokratik dövlət qurulur və gələcək əməkdaşlıq üçün geniş perspektiv yaranmışdır.
Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı iqtisadi münasibətlərin çox yüksək səviyyədə olduğunu və xüsusilə enerji sahəsində əlaqələri vurğulayan Prezident İlham Əliyev bildirdi ki, əməkdaşlığın gələcək inkişafı xalqlarımızın daha firavan yaşamasına və ölkələrimizin tərəqqisinə gətirib çıxaracaqdır. İqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi hər iki ölkənin mənafeyinə tam cavab verir.
Respublikamızın rəhbəri vurğuladı ki, Azərbaycan Prezidenti kimi o, Heydər Əliyevin Qazaxıstanla yaxınlaşma siyasətini bundan sonra da davam etdirəcək və onun daha yüksək səviyyəyə qalxmasına çalışacaqdır.