Azərbaycan və Səudiyyə Ərəbistanı arasında işgüzar şuranın yaradılması təklif olunur
Bakı, 4 mart, Elvin Camalov, AZƏRTAC
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında işgüzar şura yaradılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu təkliflə martın 4-də Bakıda keçirilən Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın 5-ci iclasında komissiyanın həmsədri, Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömər çıxış edib.
O bildirib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi 20 milyon dollardan çox deyil. Bu, iki ölkə arasında inkişaf proqramına uyğun gəlmir: “İkitərəfli münasibətlərin inkişafı üçün bir sıra işlər görülməlidir. İlk növbədə əvvəlki memorandumların canlandırılması üçün iş planlarının hazırlanması, gömrük sahəsində qarşılıqlı əməkdaşlığa dair sazişin imzalanması, əlverişli investisiya mühitinin yaradılması üçün platformanın hazırlanması və işgüzar şuranın hər iki ölkənin investorlarına təqdim edilməsi, tərəflər arasında yol xəritəsini müəyyən edəcək işgüzar şura yaradılmalıdır”.