Azərbaycan və Sudan arasında iqtisadi əlaqələrin inkişafı imkanları müzakirə edilmişdir
Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları - Sudan Respublikasının investisiya naziri Mustafa Osman İsmail Elami, maliyyə və iqtisadiyyat naziri Ali Mahmud Muhammed Abdulrasul, elm və texnologiyalar naziri Eisa Buşra Mohamed, dövlət naziri Mohamed Elmuhtar Hassan Hussein və Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed əl-Haqdan ibarət nümayəndə heyəti ilə görüşmüşdür.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə ətraflı məlumat vermiş, Sudan nümayəndə heyətinin respublikamıza səfərinin, keçirilən görüşlərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etmişdir.
Sudanın investisiya naziri Mustafa Elami nümayəndə heyətinin Üçüncü Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmasına görə Azərbaycan hökumətinə təşəkkür etmiş, geniş tərkibdə nümayəndə heyətinin Azərbaycana səfərinin Sudanın ölkəmizlə ikitərəfli əlaqələrin inkişafına verdiyi böyük önəmin göstəricisi olduğunu qeyd etmişdir. Sudanlı nazir iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı və mədən sənayesi sahələrində ölkəsinin böyük ehtiyatlara malik olduğunu diqqətə çatdırmış, Azərbaycan şirkətlərini Sudana dəvət etmişdir.
Görüşdə Azərbaycan və Sudan arasında iqtisadi əlaqələrin inkişafı imkanları müzakirə edilmişdir.