AZƏRBAYCAN VƏ TACİKİSTAN PREZİDENTLƏRİ BAKINI AVTOBUSLA GƏZMİŞLƏR
Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 13-də “Gülüstan” sarayında rəsmi qəbuldan sonra Bakını avtobusla gəzintiyə çıxmışlar.
Azərbaycan dövlətinin başçısı dost ölkənin Prezidentini gündən-günə gözəlləşən Bakının görməli yerləri ilə tanış etdi, ənənəvi üslubu saxlamaqla şəhərin ən müasir standartlar səviyyəsində inkişafı üçün həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumat verdi.
Prezident İlham Əliyev Azərbaycan paytaxtının qısa müddətdə tanınmaz dərəcədə dəyişdiyini, Bakının böyük tikinti, quruculuq meydanına çevrildiyini bildirdi.
Gəzinti zamanı şəhərimizin sakinləri və qonaqları Prezident İlham Əliyevi və Azərbaycanla ənənəvi dostluq telləri ilə bağlı olan Tacikistanın Prezidenti Emoməli Rəhmonu böyük ehtiramla salamlayırdılar.
Ali qonaq paytaxt sakinləri ilə mehribancasına görüşüb, səmimi söhbət etdi. Gəzinti zamanı Tacikistan Prezidenti Azərbaycan iqtidarı ilə xalqın sıx birliyinin, ölkəmizin sabahına dərin inamın, əhalinin durmadan artan maddi rifahının, müstəqil Azərbaycanın çiçəklənməsi naminə səyini əsirgəməyən soydaşlarımızın mənalı istirahəti üçün ölkəmizin paytaxtında yaradılan hərtərəfli şəraitin əyani şahidi oldu.
Qeyd edildi ki, ulu öndər Heydər Əliyevin xüsusi məhəbbət bəslədiyi, inkişafına böyük əmək sərf etdiyi Bakının daha da abadlaşdırılması, dünyanın müasir paytaxtlarından birinə çevrilməsi üçün quruculuq işləri bundan sonra da davam etdiriləcəkdir.
Bakı ilə yaxından tanışlıq Tacikistan Prezidenti Emoməli Rəhmonda zəngin təəssürat doğurdu.