Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəfli səhifələrindən biridir
Bakı, 27 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Binəqədi rayonunda yerləşən Respublika Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində 28 May - Respublika Günü münasibəti ilə tədbir keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrindən biri olduğunu, cəmi 23 ay ömür sürən Xalq Cümhuriyyətinin xalqımızın müsəlman Şərqində ilk demokratik respublika qurmaq əzmini nümayiş etdirdiyini vurğulayıblar.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan 101 il əvvəl mövcud olmuş Xalq Cümhuriyyətinin layiqli varisi kimi böyük inkişaf yolunda inamla irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi bu gün bütün sahələrdə dayanıqlı inkişafa, güclü iqtisadiyyata və orduya malik olan, dünya birliyində nüfuzlu mövqeyi ilə seçilən bir dövlətdir.
Tədbirdə dövlət müstəqilliyi daim möhkəmlənən Azərbaycanın uğurlu sosial inkişaf strategiyasından bəhs olunub. Aparılan sosial siyasətin nailiyyətləri kimi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə olunduğu, sosial infrastruktur layihələrinin ildən-ilə geniş miqyas aldığı vurğulanıb. Eyni zamanda, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün aparılan işlər qeyd edilib.