Azərbaycan xalqı 20 Yanvarda müstəqillik naminə şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi
Bişkek, 17 yanvar, AZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfirliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirin əvvəlində iştirakçılar səfirliyin foyesində 20 Yanvar faciəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab və fotolardan ibarət sərgi ilə tanış olublar. İyirmi Yanvar faciəsindən bəhs edən “Qara Yanvar” adlı sənədli film nümayiş olunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçdiyini söyləyib. O, Prezident İlham Əliyevin “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səfir Sərəncamdan sitat gətirərək deyib ki, xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX-XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.
Diplomat ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsindən dərhal sonra Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gedərək faciəni törədənləri cinayət məsuliyyətinə cəlb olunmalarını tələb etməsini diqqətə çatdırıb. O, 20 Yanvar gününün Azərbaycan xalqının tarixində qanlı faciə ilə yanaşı, həm də qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını bildirib.
Səfir 20 Yanvarda Azərbaycan xalqının hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu qeyd edib, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərərək şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.
Tədbirdə “Azəri” İctimai Birliyinin sədri, Qırğızıstanın Əməkdar hüquqşünası Əzizağa Əliyev, Qırğızıstanın Kant şəhər Məclisinin deputatı Rəhim Rəhimov, Pervomay kənd orta məktəbinin rus dili və ədəbiyyatı müəlliməsi Alla Kurbanova, "Lina" firmasının baş direktoru, professor Qiyas Xəlilov, “İpək Yolu” Strateji Araşdırma Mərkəzinin prezidenti Seyfullah Türksoy və başqaları 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek