Azərbaycan yığması Fransada avroliqanın yarımfinalına vəsiqə qazanıb
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 10-da qadın voleybolçular arasında Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan yığması Monteneqro ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Fransanın Renn şəhərində keçirilən ikinci dövrənin ilk matçında “B” qrupunda yer alan Azərbaycan yığması rəqibinə set vermədən asan qələbə qazanıb. Qarşılaşma əzmkar oyun nümayiş etdirən Azərbaycan voleybolçularının 3:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Bununla da qrup mərhələsində keçirdiyi dörd oyunun hamısında qalib gələn millimiz son iki turun nəticəsindən asılı olmayaraq, 12 xalla Avroliqanın yarımfinalına vəsiqəni təmin edib. Millimiz ən yaxın izləyicisi Monteneqronu 7 xal qabaqlayır.
Faiq Qarayevin yetirmələri iyunun 11-də İspaniya, iyunun 12-də isə Fransa komandaları ilə üz-üzə gələcək.