Azərbaycan YUNESKO Baş Konfransının vitse-prezidenti seçilib
Paris, 30 oktyabr, AZƏRTAC
Parisdə YUNESKO-nun baş qərargahında təşkilatın Baş Konfransının 39-cu sessiyası öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov konfransda iştirak edirlər.
Tədbirdə YUNESKO Baş Konfransının keçmiş prezidenti Stenli Mutuba Simataa, qurumun baş direktoru İrina Bokova və İcra Şurasının sədri Maykl Vorbs çıxış edərək təşkilatın üzləşdiyi məsələlərdən, problemlərdən çıxış yollarından və qarşıdan gələn növbəti iki ildə görüləcək işlərdən danışıblar.
YUNESKO Baş Konfransının 39-cu sessiyasının açılışında Azərbaycan Respublikası konfransın vitse-prezidenti seçilib. Ölkəmiz, həmçinin Baş Konfransın nominasiya komitəsinin sədr müavini seçilib.
İki ildən bir keçirilən sessiya qurumun ən mühüm tədbiri hesab edilir. Üzv ölkələr YUNESKO üzrə Milli komissiyalar, qurum yanında daimi nümayəndəliklər və təşkilatın əhatə etdiyi bütün prioritet sahələr üzrə təmsilçilərin iştirakı ilə Baş Konfransın işində təmsil olunurlar.
Sessiya çərçivəsində mədəniyyət, təhsil, informasiya və kommunikasiya sahələrində aktual məsələlərə baxılacaq, müzakirələr aparılacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris