REGİONLAR
Azərbaycana cərimə batalyonunun hərbçisi kimi göndərilən görkəmli rus şairi kimdir? VİDEO
Qusar, 28 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusar şəhərinin Fəxrəddin Musayev küçəsindəki evlərdən birinin qarşısında görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun (1814-1841) hündür, ağ daş sütun üzərində yaradılmış barelyefi diqqət çəkir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, M.Y.Lermontov 182 il əvvəl Qafqaza sürgün edildiyi dövrdə həmin birmərtəbəli, gil kərpicdən tikilən evdə yaşayıb. Evin qarşısındakı xatirə lövhəsində şairin "Salamlayıram səni, ağsaçlı Qafqaz..." sözləri ilə başlayan məşhur şeirindən misralar yazılıb, həmçinin Lermontovun burada yaşaması barədə məlumat lövhəsi vurulub.
Lermontov Qafqaza 1837-ci ildə Aleksandr Puşkinin xatirəsinə yazdığı "Şairin ölümü" şeirinə görə sürgün olunub. Monarxiya əleyhinə çıxışlarına və azadlıqsevərliyinə görə təqib olunan şair 23 yaşında cərimə batalyonunun tərkibində həmin vaxt Azərbaycanın şimalında baş qaldıran üsyanların yatırılmasına cəlb edilib. O, Qafqaza çatanda Hacı Məhəmmədin başçılıq etdiyi Quba üsyanının qarşısı demək olar ki, alınmışdı. Lermontov Qusara hərbçi kimi gəlsə də, şeirləri ilə yadda qalır.
Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xatirə Nağıbəyova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Lermontov sürgün dövründə Zabitlər küçəsində hərbi həkim Aleksandr Marşevin evində yaşayıb.
Nakam şair Qusarda yaşadığı qısa müdət ərzində "Aşıq Qərib”, "Qaçaq Hacı”, "Qaçaq İsmayıl bəy” poemalarını, "Xəncər”, "Ayrılıq” və "Gənc ləzgi” şeirlərini qələmə alıb. Lermontovun dövrün riyaziyyatçı alimi Hacı Əli Əfəndi və aşıq Ləzgi Əhmədlə xoş münasibətləri olub.
Qusar Tarix-Diyarşünaslıq Muzeyində yaradılmış M.Y.Lermontova aid guşədə şairin bir neçə şəxsi əşyası qorunub saxlanılır. Bunlar qələm (pero), qələmdan, mürəkkəb qabı və digər kiçik aksesuarlardır.
Xatirə Nağıbəyova deyir ki, Lermontovun yaşadığı ev və muzeydəki ona aid əşyalar həm yerli, həm də əcnəbi turistlərin marağına səbəb olur. “Lermontov haqqında məlumatlar, əlbəttə ki, daha çox Rusiyadan gələn qonaqların diqqətini çəkir. 2014-cü ildə şairin ana vətəni - Penza vilayətinin Tarxanı şəhərindən qonaqlarımız gəlmişdi. “Lermontov Qafqazda” yürüşünün iştirakçıları ilə birlikdə Qusar şəhərində görkəmli şairin yaşadığı evin qarşısında onun 200 illik yubileyi ilə bağlı tədbir keçirildi”, - deyə X.Nağıbəyova bildirib.
M.Y.Lermontovun Qusarda yaşadığı ev hazırda şəxsi mülkiyyətdədir. Buranın ev-muzey kimi fəaliyyət göstərməsi üçün təşəbbüs irəli sürülsə də, şairə məxsus əşyaların az olması səbəbindən ideya reallığa çevrilməyib.