AZƏRBAYCANDA BRUSELLYOZ XƏSTƏLİYİ ƏLEYHİNƏ DÜNYADA ANALOQU OLMAYAN YENİ BİOLOJİ AKTİV MADDƏ ƏLDƏ EDİLMİŞDİR
Bakı, 6 noyabr (AZƏRTAC). Azərbaycanda brusellyoz xəstəliyi əleyhinə dünyada analoqu olmayan yeni bioloji aktiv maddə əldə edilmişdir. Bu sözlər noyabrın 6-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində (DBX) Brusellyoz xəstəliyinin müalicəsində səmərəli nəticələrin əldə edilməsinə dair keçirilən mətbuat konfransında bildirilmişdir.
Brusellyoz xəstəliyi haqqında danışan DBX-nin rəisi İsmayıl Həsənov demişdir ki, bu yoluxucu xəstəliyə heyvanlar, xüsusən, qoyunlar, keçilər, qaramal, donuzlar, dəvələr, şimal maralları və itlər daha çox tutulur. Brusellyoza insanlar da yoluxa bilər. Xəstəlik heyvandarlığa külli miqdarda ziyan vurmaqla yanaşı, insanların əmək qabiliyyətinin itirilməsinə və əlilliyə gətirib çıxarmaqla sosioloji problemlər yaradır. Xəstə heyvan vaxtında zərərsizləşdirilmədikdə xəstəlik qısa müddətdə sürü və ya naxırı, daha sonra isə ərazini yoluxdurur.
İ.Həsənov vurğulamışdır ki, indiyədək bütün dünyada brusellyoza qarşı aparılan mübarizə tədbirləri yalnız xəstə heyvanların zərərsizləşdirilərək təsərrüfatdan çıxarılması və həssas heyvanların peyvəndlənməsindən ibarət olmuşdur. Bu da istənilən müsbət nəticəni vermir, insanların müalicəsi uzun illər davam etməklə tam sağalma mümkün olmur. Brusellyoz xəstəliyinin geniş yayılması bu sahədə çalışan mütəxəssis və alimləri narahat etmiş, indiyədək dünya alimlərinin apardıqları çoxsaylı eksperimentlər uğursuzluqla nəticələnmişdir.
DBX-nin rəisi diqqətə çatdırmışdır ki, Azərbaycan baytar mütəxəssislərinin və alimlərinin 4 ildən çox apardıqları gərgin və hərtərəfli tədqiqatlar nəticəsində brusellyoz əleyhinə yeni bioloji aktiv maddə əldə edilmişdir. Həmin bioaktiv maddə quruluşuna görə dünyada analoqu olmayan maddədir. Respublika Baytarlıq Laboratoriyasında yeni bioloji aktiv maddənin bakterisid təsirə malik olması sübut edilmişdir.
Bildirilmişdir ki, bioloji aktiv maddəyə 2008-ci ildə patent alınmışdır. Bundan sonra DBX-nin Elmi Şurasında həmin preparatın Azərbaycan rayonlarında tətbiq edilməsi üçün təklif verilmişdir. Təklifdən sonra bir sıra rayonlarda (Xaçmaz, Goranboy, Astara, İmişli və s.) bu xəstəliyə tutulmuş iri və xırdabuynuzlu heyvanlar müalicəyə cəlb edilmiş və 100 faiz nəticə əldə edilmişdir.
Bioloji aktiv maddə xəstə heyvana 2 gün ərzində hər gün 1 dəfə olmaqla tətbiq edildikdən 5 gün sonra həmin heyvanda tam kliniki sağalma baş verir.