AZƏRBAYCANDA BU GÜNƏDƏK 41 ƏFV FƏRMANI VƏ 7 AMNİSTİYA AKTI İCRA OLUNMUŞDUR
Həmin Fərmanda Azərbaycan dövlətinin humanizm və ədalət prinsiplərinə əsaslanan siyasəti davam etdirilərək, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin (ombudsman), insan hüquqlarının müdafiəsi təşkilatlarının, Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılmaqla, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəzalarının müəyyən hissəsini çəkdikləri, bu müddətdəki davranışları nəzərə alınmış, 106 məhkum əfv olunmuşdur.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova AZƏRTAC-ın müxbirinə demişdir ki, onun müraciətləri əsasında, ümumilikdə, 170-dən çox məhkum əfv edilmişdir ki, onların 25-i qadındır. Bu il müvəkkilin müraciətləri əsasında 18 məhkum əfv olunmuşdur.
Ombudsmanın müraciətləri əsasında sonuncu Fərmanla 8 qadının əfv edilməsi təqdirəlayiqdir. Əfv olunmuş qadınlar arasında körpəsi olan ana və ahıl qadınlar da vardır.
E.Süleymanova qeyd etmişdir ki, bu günədək ölkəmizdə 41 əfv fərmanı olmuş, bunlardan 32-si ümummilli liderimiz Heydər Əliyev, 9-u isə Prezident İlham Əliyev tərəfindən imzalanmış, 7 amnistiya aktı icra olunmuşdur.