Azərbaycanda daxil olan trafikin orta sürəti 5 Mbit/s-yə yaxınlaşmışdır
Bakı, 5 noyabr (AZƏRTAC). “Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib etmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, şirkətin “NetIndex” reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 4.71 meqabit saniyə (Mbit/s) təşkil edir. Oktyabrda bu göstərici 4.56 Mbit/saniyə olmuşdur.
Bakıda bu göstərici 5.05 Mbit/s, Sumqayıtda isə 3.08 Mbit/s təşkil edir.
Nəticələr şirkətin 2013-cü il oktyabrın 2-dən 31-dək apardığı eksperimental araşdırmalar əsasında əldə olunmuşdur. Testlərin aparılması üçün 359 min 871 unikal IP ünvan seçilmişdir.
Azərbaycan daxil olan trafik reytinqi üzrə ötən ayla müqayisədə 1 pillə geriləyərək 118-ci yerdə qərarlaşmışdır. Sözügedən reytinqdə ilk üçlükdə Honkonq (66.45 Mbit/s), Lüksemburq (55.36 Mbit/s) və Sinqapur (52.33 Mbit/s) yer almışdır.
Xaric olan trafikin orta sürəti 2.18 Mbit/saniyə təşkil edir. Bu reytinqdə Azərbaycan 116-cı yerdədir. Bakı üzrə bu göstərici 2.36 Mbit/s, Sumqayıt üzrə isə 0.65 Mbit/saniyədir. İlk üçlükdə Honkonq (55.13 Mbit/s), Lüksemburq (42.76 Mbit/s) və Cənubi Koreya (39.21 Mbit/s) qərarlaşmışdır.