Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı yeni layihə təqdim olunmuşdur
Bakı, 7 mart (AZƏRTAC). Martın 7-də Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası, Avropa İttifaqı və BMT-nin Uşaq Fondu (UNİCEF) tərəfindən “Gənclər evləri-gənclərin ətraf mühit məsələlərində iştirakının gücləndirilməsi üçün platformadır” layihəsinin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, mərasimdə UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard yeni layihənin gənclərin ətraf mühitlə bağlı məlumatlılığını artırmağa, onların təbii sərvətlərin müdafiə və idarə olunmasında iştirakını gücləndirməyə yönəldiyini demişdir.
Cəmiyyətdə əsas aparıcı qüvvə olan gənclərin rəylərinin böyük əhəmiyyət kəsb etdiyini söyləyən M.Herevard bildirmişdir ki, bir çox hallarda onlar diqqətdən kənarda qalırlar. Ona görə də gənclərə qərarların qəbulunda və müvafiq məsələlərin təhlilində iştirak etmək imkanlarının verilməsi onları səlahiyyətləndirir, inkişaflarında əhəmiyyətli rol oynayır.
Ətraf mühitlə bağlı məsələlərin sərhəd tanımadığını deyən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia demişdir ki, gənclərin ətraf mühitlə bağlı problemlərin həll edilməsində iştirakına yönəlmiş layihənin təqdimatını keçirtməkdən məmnunuq. İnanırıq ki, Azərbaycan gəncləri bütün dünya naminə ətraf mühitin qorunmasına töhfələrini verəcəklər.
Böyük bir layihənin bünövrəsinin qoyulduğunu bildirən Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli diqqətə çatdırmışdır ki, gənclərin ekoloji mühitin qorunmasında iştirak etmələri ciddi addımdır.
Layihənin zəruriliyini qeyd edən gənclər və idman nazirinin müavini İntiqam Babayev təmsil etdiyi dövlət qurumunun gənclərlə bağlı həyata keçirdiyi ekoloji maarifləndirmə tədbirləri barədə məlumat vermişdir.
Son 10 ildə ölkəmizdə reallaşan ekoloji layihələrdən söz açan ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev ətraf mühitin qorunmasında, əhalinin içməli su ilə təchizatında, meşəsalma işlərində, Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasında əldə olunan uğurlardan danışmışdır.
Tədbirdə bildirilmişdir ki, bu il yanvarın 5-dən 2014-cü il yanvarın 4-dək icrası nəzərdə tutulan layihə Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Azərbaycanın Lənkəran, Sabirabad, Yevlax, Goranboy, Göygöl rayonlarının yerli icra hakimiyyəti orqanlarının tərəfdaşlığı ilə həyata keçiriləcəkdir.
Layihə gənclərin ətraf mühitlə bağlı məsələlər üzrə öz həmyaşıdları ilə dialoq qurmasına imkanlar verəcəkdir. Bunun üçün onlar təlimləndiriləcəklər.
Rayonlarda ətraf mühitin təhlükəsizliyi ilə bağlı tədbirləri planlaşdırmaq və layihə başa çatdıqdan sonra fəaliyyətlərini davam etdirmək məqsədi ilə gənclər arasında mütəmadi müzakirələrin keçirilməsi üçün gənclər evləri baza qismində istifadə olunacaqdır.
Tədbirdə, həmçinin Sabirabad gənclər evinin fəaliyyəti barədə məlumat verilmişdi