AZƏRBAYCANDA GƏNCLƏRİN MƏŞĞULLUĞUNUN TƏMİN OLUNMASINA DAİR MİLLİ FƏALİYYƏT PLANI HAZIRLANACAQDIR
Bakı, 11 fevral (AZƏRTAC ). Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən “Gənclər üçün karyera mərkəzində” Gənclər və İdman Nazirliyi, Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə “Gənclərin məşğulluğunun dəstəklənməsi” layihəsi üzrə əldə olunmuş nəticələrin davamlılığının təmin olunması və gələcək fəaliyyətin planlaşdırılmasına həsr olunmuş seminar keçirilmişdir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda BƏT tərəfindən reallaşdırılan uğurlu layihələrin nəticəsi olaraq, gənclərin məşğulluğu üzrə çoxsaylı məlumat və resurs mərkəzləri şəbəkəsinin, əmək yarmarkalarının açıldığını bildirmişdir. Nazir müavini 2009-2010-cu illər üçün gənclərin məşğulluğuna dair Milli Fəaliyyət Planının hazırlanması, onun icrası ilə bağlı işçi qrupun yaradılmasının tövsiyə olunduğunu seminar iştirakçılarının diqqətinə çatdırmış, məsələ ətrafında fikir mübadiləsi aparılmasının zəruriliyini qeyd etmişdir.
Layihələrin əldə etdiyi nəticələrin davamlılığı üçün 2009-cu ildə əsas prioritetlər və məqsədlər mövzusunda çıxış edən BƏT-in eksperti Volter Verxove təmsil etdiyi qurum tərəfindən təklif olunan 10 tövsiyə barədə geniş məlumat vermişdir.
Beynəlxalq Əmək Təşkilatının digər nümayəndəsi Yevgeniy Sudakov əmək vərdişləri üzrə modul metodikalı təlim üzrə Ukrayna təcrübəsindən danışmışdır.
Seminarda həmçinin Gənclərin Məşğulluğu üzrə Milli Fəaliyyət Planının konsepsiya layihəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə dair Gənclərin Məşğulluğu üzrə Milli Fəaliyyət məsləhət qrupunun yaradılması təklif edilmiş, layihənin texniki komponentləri müzakirə olunmuşdur.