Azərbaycanda gərginliyi 110 kilovolt və daha yüksək olan 200-dən artıq yarımstansiya vardır
Bakı, 10 aprel (AZƏRTAC). Respublikanın enerji sistemində gərginliyi 110 kilovolt (kV) və daha yüksək olan 200-dən artıq yarımstansiya vardır. Eyni gərginlikli elektrik verilişi xətlərinin (EVX) ümumi uzunluğu 8 min kilometrdən (km) artıqdır. Gərginliyi 35 kV və ondan aşağı olan paylayıcı xətlər də daxil olmaqla, EVX-in ümumi uzunluğu 100 min km-dən çoxdur.
“Azərenerji” ASC-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Mingəçevirdən Abşeron yarımadasınadək uzunluğu 280 km olan ikidövrəli EVX və Ağdaşda yeni 220 kV-luq yarımstansiya tikilməkdədir.
Uzunluğu 180 km olan 330 kV-luq Goranboy-İmişli xəttinin tikintisi isə ikinci enerji dairəsinin yaranmasında mühüm rol oynayacaqdır. Digər mühüm layihələrdən biri də uzunluğu 100 km olan 220 kV-luq Sumqayıt-Zabrat-Şimal Elektrik Stansiyası-Hövsan xəttinin tikintisidir. Bu layihələrin həyata keçirilməsi Abşeron yarımadasında enerji təhlükəsizliyinin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaqdır.
Bakı şəhərində inşa olunan 110 kV-luq 227 nömrəli yeraltı yarımstansiya Cənubi Qafqazda mühüm layihələrdən biridir. Yarımstansiyanın cari ildə istifadəyə verilməsi planlaşdırılır.
Eyni zamanda, 220 kV-luq “Zabrat”, 110 kV-luq “Ləzə” və digər yarımstansiyaların tikintisi, “Muxranis-Vəli” hava xəttinin 70 km-lik hissəsinin yenidən qurulması da planlaşdırılır.