AZƏRBAYCANDA İQTİSADİ SİYASƏT ÇOX UĞURLUDUR, MƏQSƏDYÖNLÜDÜR VƏ DÜŞÜNÜLMÜŞ KONSEPSİYA ƏSASINDA APARILIR
AZƏRTAC xəbər verir ki, bu fikri Nazirlər Kabinetinin 2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev demişdir. Onun sözlərinə görə, ümumi daxili məhsulun adambaşına düşən həcmi Azərbaycanda 1500 ABŞ dolları təşkil edir. 2006-cı ildə iqtisadiyyat daha sürətlə inkişaf edəcək və ilin sonunda adambaşına düşən ümumi daxili məhsulun həcmi 2 min dollara yaxın olacaqdır. Bütün bunlar Azərbaycanın iqtisadi baxımdan çox sürətlə inkişaf etdiyini göstərir.
Dövlətimizin başçısı regionların sosial-iqtisadi inkişaf proqramının uğurlu icrasından da danışmış və bildirmişdir ki, ötən il işsizliyin, yoxsulluğun azaldılması bizim üçün prioritet məsələlər olmuşdur. İki il bundan əvvəl regionların sosial-iqtisadi inkişaf proqramı qəbul olunmuş və bu müddət ərzində Azərbaycanda 340 min yeni iş yeri açılmışdır.