AZƏRBAYCANDA MÜƏLLİM HAZIRLIĞI ÜZRƏ TƏDRİS PROSESİNİ İNKİŞAF ETDİRMƏK ÜÇÜN ÜÇİLLİK PROQRAM HƏYATA KEÇİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, layihə ötən ildən həyata keçirilməyə başlanılmışdır və bundan məqsəd Azərbaycanda müəllim hazırlığı üzrə təhsilin inkişafına yardım göstərmək, bu sahədə təhsil orqanlarının, müəllim icmasının imkanlarını gücləndirməkdir.
Təhsil naziri Misir Mərdanov çıxış edərək, üç mərhələdə həyata keçiriləcək bu layihəni məqsədyönlü bir addım kimi dəyərləndirmiş və proqramın ölkənin təhsil müəssisələrində çalışan müəllimlərə, müəllim hazırlığı sahəsində yeni tədris proqramının və təlim materiallarının hazırlanmasına yardım göstərəcəyini vurğulamışdır.
Seminarda Proqramın direktoru Emili Dikson, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov, ölkənin bir sıra ali məktəblərinin rəhbərləri, təhsil üzrə beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Proqram ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət məsələləri şöbəsi tərəfindən “Azadlığa dəstək aktı” çərçivəsində maliyyələşdirilir.