“Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” layihəsinin icrasına başlanılıb
Bakı, 10 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi və Avropa Ittifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ilə birgə “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” Tvinninq layihəsi çərçivəsində ilk onlayn görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Avropa İttifaqına üzv dövlətlər tərəfindən icraçı partnyorlar olaraq - Latviya və Litva ilə yanaşı, dövlət qurumlarından və qeyri-hökumət təşkilatlarının 50-yə yaxın nümayəndəsi iştirak edib.
Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva Tvinninq layihəsi çərçivəsində görülən işləri müsbət qiymətləndirib və bunun ölkəmizdə qida təhlükəsizliyinin təmin olmasına töhfə verəcəyini bildirərək qeyd edib ki, əməkdaşlıq çərçivəsində layihə qarşılıqlı fəaliyyət və yüksək komanda işi nəticəsində ölkəmizdə sanitar və fitosanitar tədbirlərin gücləndirilməsinə müsbət təsir göstərəcəkdir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin nazir müşaviri və əməkdaşlıq üzrə rəhbəri Simona Gatti “Fermadan çəngələ” strategiyası çərçivəsində pestisid, gübrə və aqrokimyəvi maddələrin istifadəsinin azaldılaraq qida təhlükəsizliyini ən yüksək səviyyədə saxlamağa, orqanik istehsalı genişləndirməyə, qida tullantılarını məhdudlaşdırmağa və məsuliyyətli istehlakı təşviq etməyə səy göstərdiklərini bildirib. Təqdim olunan layihənin icrası Azərbaycanda nəzarət, pestisid qeydiyyatı və istifadəsinin Aİ və beynəlxalq standartlara uyğunlaşmağa kömək edəcək.
Konfransda Latviyadan layihə rəhbəri Kristine Lifanova, Litvadan kiçik layihə lideri Sergejus Fedotovas və başqaları çıxış ediblər.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd diqqəti bitki mənşəli qida və yemlərə ayırmaqla, sanitar və fitosanitar qaydalara uyğun qanunvericiliyi daha da inkişaf etdirib təkmilləşdirmək, həmçinin beynəlxalq standartlara uyğunlaşdırmaqdan ibarətdir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən layihə Latviya Dövlət Bitki Mühafizə Xidməti və Litva Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və 24 ay davam etməsi nəzərdə tutulub.