Azərbaycanda südlük inəklərin sığortalanma qaydası açıqlanıb
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə fermerlər südlük inəkləri sığortalaya bilərlər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qanunvericiliyə əsasən inəklər 2 sığorta zərfi vasitəsilə sığortalana bilər. Əsas riskləri əhatə edən 1-ci sığorta zərfi üzrə sığorta tarifi 6,1 faiz, genişləndirilmiş riskləri əhatə edən 2-ci sığorta zərfi üzrə sığorta tarifi 9,5 faiz təşkil edir.
Sığorta ödənişləri inəklərin ölümü və məcburi kəsimə verilməsi hallarında edilir.
Fermerlər hesablanmış sığorta haqqının yalnız yarısını ödəyirlər. Sığorta haqqının qalan hissəsini fermerlərə dəstək üçün dövlət ödəyir.
Müxtəlif qiymətə olan inəklərin sığortalanması üçün fermerin ödədiyi məbləğ aşağıdakı kimidir:
I sığorta zərfi II sığorta zərfi
Qiyməti 1 000 manat olan inəyin sığorta haqqı - 31 manat 47 manat
Qiyməti 1 500 manat olan inəyin sığorta haqqı - 46 manat 71 manat
Qiyməti 2 000 manat olan inəyin sığorta haqqı - 61 manat 95 manat
Qiyməti 2 500 manat olan inəyin sığorta haqqı - 76 manat 119 manat
Qiyməti 3 000 manat olan inəyin sığorta haqqı - 91 manat 142 manat
Qiyməti 4 000 manat olan inəyin sığorta haqqı - 122 manat 190 manat
Qiyməti 5 000 manat olan inəyin sığorta haqqı - 153 manat 237 manat
Qiyməti 6 000 manat olan inəyin sığorta haqqı - 183 manat 285 manat
Fermerlər və iş adamları kənd təsərrüfatı heyvanları üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş “Bitkiçilik kalkulyatoru” https://asf.gov.az/insurance-calculators/livestock-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər. Bütün hallarda fermer sığorta haqqının yalnız 50 faizini ödəyəcək, məbləğin qalan 50 faizini fermerlərə dəstək üçün dövlət ödəyəcək.
Qeyd edək ki, artıq südlük inəklərin sığortalanması üzrə ilk sığorta ödənişi həyata keçirilib. Yaxın vaxtlarda bu sığorta növü üzrə növbəti ödənişlər həyata keçiriləcək.