AZƏRBAYCANDA TATARLARIN SABANTUY MİLLİ BAYRAMI KEÇİRİLMİŞDİR
İ.Qayıbov adına stadionda Azərbaycanın, Tatarıstan və Rusiyanın dövlət himnləri səsləndi. Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Nail Zaripov Tatarıstan Respublikasının Prezidenti Mintimer Şaymiyevin təbrik məktubunu oxudu. Məktubda deyilir: “Sabantuyun meydanı ildən-ilə genişlənir. Bu bayram həmvətənlərimizin yaşadıqları bir çox region və ölkələrdə səbirsizliklə gözlənilən və fərəhli hadisəyə çevrilmişdir. Sevindirici haldır ki, Sabantuy mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə təkan verməklə və ümumdünya irsinin bir hissəsinə çevrilməklə yanaşı, öz təkrarsız koloritini daim saxlayır, türkdilli xalqların ən yaxşı ənənələri və dəyərləri ilə təmasda olmağa imkan verir”.
N.Zaripov çıxışında dedi ki, kökləri tarixin dərinliklərinə gedən belə bayramlar indi millətlərarası qarşılıqlı münasibətlərdə əsas vəsilələrdir, mehriban qonşuluğun möhkəmlənməsinə xidmət edir.
Yayın istisinə baxmayaraq, Nazirlər Kabinetinin, diplomatik korpusun nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən cəmiyyət və konfessiyaların rəhbərləri Sabantuy münasibətilə tatarları təbrik etmək üçün stadiona gəlmişdilər. Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Pyotr Burdıkin bayram iştirakçılarına xoş arzularını yetirdi.
Axşamdan keçənədək davam edən bayramın proqramına müsabiqələr, qədim əyləncələr, oyunlar, özfəaliyyət kollektivlərinin çıxışları daxil idi.