Azərbaycanda vergi borclarının tənzimlənməsi təkmilləşdirilir
Bakı, 8 noyabr, AZƏRTAC
Ölkəmizdə vergi borclarının tənzimlənməsi mexanizmi necədir?
Dövlət Vergi Xidmətindən (DVX) AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, ölkəmizdə vergi borclarının yığılmasının effektivliyinin artırılması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi, bu sahədə məlumatlılığın artırılması və vergi öhdəliklərinin daha effektiv yerinə yetirilməsi mexanizmlərinin təkmilləşdirilməsi diqqətdə saxlanılır.
Məlumata əsasən, vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində son zamanlar edilmiş mühüm dəyişikliklərdən biri vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Bu mexanizm müasir iqtisadi şəraitə uyğunlaşdırılıb. Bu sahədə təkmilləşdirmələrin dünya təcrübəsinə uyğunluğunun təmin edilməsi üçün beynəlxalq təcrübə də öyrənilir. Dövlət Vergi Xidməti vergi ödəyiciləri arasında vergi borclarının ödənilməsi barədə məlumatlandırmanı artırmaq məqsədilə bir çox tədbirlər həyata keçirir.
Qeyd olunub ki, vergi ödəyiciləri üçün vergi borcu haqqında məlumatın asan və sadə üsulla əldə edilməsi məqsədilə elektron xidmətlər yaradılıb və DVX-nin rəsmi elektron səhifəsində yerləşdirilib. Bundan başqa, prosesi əyani izah edən videotəlimat da hazırlanıb.
Həmçinin Dövlət Vergi Xidməti tərəfindən borclu vergi ödəyicilərinə hesablanmış vergilər, sığorta haqları, faizlər və tətbiq olunmuş maliyyə sanksiyaları üzrə borcların ödənilməsi ilə bağlı proaktiv məlumatlandırma tədbirləri həyata keçirilir. Bütün bu təkmilləşmələr, yanaşmalar və metodlar vergi öhdəliklərinin düzgün yerinə yetirilməsinə və könüllü əməletmə səviyyəsinin yüksəlməsinə xidmət edir. Bu isə öz növbəsində etibarlılıq, müasirlik və innovasiyaların vəhdətini təmin etməklə vergi ödəyicilərinin öz öhdəliklərini könüllü olaraq tam yerinə yetirdiyi, iqtisadi inkişafa verdikləri töhfəni aydın görə bildiyi bir vergi mədəniyyəti formalaşdırmağa imkan yaradır.