Azərbaycanda yeni kateqoriyalı xüsusi mühafizə olunan təbiət əraziləri yaradılır
Bakı, 11 yanvar, AZƏRTAC
Ölkəmizdə yeni kateqoriyalı xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlərə başlanılıb. Azərbaycanda Cənubi Qafqazın ilk biosfer rezervatının yaradılması istiqamətində işlər gedir. Belə ki, Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala Biosfer Rezervatı yaradılacaq. Bununla bağlı layihənin icrasına başlanılıb. Rezervat həm milli parkın, həm də qoruğun xüsusiyyətlərini özündə ehtiva edir. Burada elmi-tədqiqatların aparılması, ekoloji turizmin fəaliyyəti ilə yanaşı, istehsalat zonalarının yaradılması da nəzərdə tutulub. Həmin zonalarda orqanik, kənd məhsulları istehsal olunacaq. Məhsullar heç bir gömrük rüsumu ödənilmədən bir ölkənin ərazisindən digərinin ərazisinə ixrac oluna biləcək. Bu, həm regionun sosial-iqtisadi inkişafına, həm bioloji müxtəlifliyin qorunmasına, həm də məşğulluğun artmasına səbəb olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova deyib.
“Digər xüsusi mühafizə olunan təbiət ərazisi kateqoriyası isə geoparklardır. Ölkəmizdə palçıq vulkanlarının sayı 300-dən çoxdur. Onların sayına görə Azərbaycan dünyada birinci yeri tutur. Həmin palçıq vulkanlarının 43-ü qoruq rejimi altında qorunur. Geopark yaradılandan sonra isə qoruq konseptindən çıxacaq, eyni zamanda, geoturizmin inkişafına şərait yaranacaq. Həm yerli, həm də xarici turistlər xüsusi marşrutlarla palçıq vulkanlarına səfər edə biləcəklər. Bu, o deməkdir ki, xüsusi mühafizə olunan təbiət ərazilərimiz həm genişlənir, həm də kateqoriyaların sayı artır”, - deyə A.Səmədova qeyd edib.