AZƏRBAYCANDAN XARİCƏ GEDƏN QATARLARA BİLETLƏRİN QİYMƏTİ ARTIRILMIŞDIR
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi (ADDY) noyabr ayının 1-dən etibarən ölkədən xaricə hərəkət edən sərnişin qatarlarına biletlərin qiymətini artırmışdır.
ADDY-nin Sərnişindaşıma İstehsalat Birliyinin rəisi Elyar Muradov AZƏRTAC-a bildirmişdir ki, bahalaşmaya səbəb Rusiya tərəfinin dəmir yolunun Yalama-Moskva hissəsində hərəkət edən qatarların biletlərinin tariflərində apardığı dəyişikliklərdir.
Birliyin rəisi qeyd etmişdir ki, gediş haqlarının bahalaşması bütün xarici reyslər üzrə baş vermişdir. Məsələn, Bakı-Tümen reysi ilə hərəkət edən sərnişin qatarının yumşaq yerli vaqonlarına biletin qiyməti 80 manat 99 qəpik, kupeli vaqonlara - 134 manat 12 qəpik, xüsusi vaqonlara 270 manat 9 qəpik, Bakı-Tbilisi reysinə 17 manat 97 qəpik (kupe) və 36 manat 39 qəpik (xüsusi vaqon), Bakı-Kiyev reysinə 105 manat 74 qəpik (kupe) və 213 manat 3 qəpik (xüsusi vaqon), Bakı-Moskva reysinə 59 manat 64 qəpik (yumşaq yerli), 98 manat 66 qəpik (kupe) və 198 manat 75 qəpik (xüsusi vaqon), Bakı-Sankt-Peterburq reysinə 68 manat 66 qəpik (yumşaq yerli), 113 manat 83 qəpik (kupe) və 229 manat 34 qəpik (xüsusi vaqon), Bakı- Xarkov reysinə 48 manat 12 qəpik (yumşaq yerli), 79 manat 96 qəpik (kupe) məbləğində müəyyən edilmişdir.