Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 100 illik yubileyi qeyd olunacaq
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. İclasda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyi ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan elminin tarixində müasir standartlar əsasında təşkilatlanması və institutlaşma ilə xarakterizə olunan yeni mərhələnin əsası XX əsrin əvvəllərində qoyulub: “Bu sırada ilk ümum-Azərbaycan elmi mərkəzi olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xüsusi yeri var. 2023-cü il noyabrın 2-də Cəmiyyətin yaradılmasının 100 illiyi tamam olur. Cəmiyyət Azərbaycanın tarixi və etnoqrafik baxımdan öyrənilməsində, diyarşünaslıq araşdırmalarının aparılmasında, iqtisadi və təbiət elmlərinin inkişafında mühüm işlər həyata keçirib. Cəmiyyətin ən mühüm tarixi xidmətlərindən biri də 1926-cı ildə I Türkoloji Qurultayı keçirməsi olub. Azərbaycanda akademik elmin inkişafı sahəsində Cəmiyyətin əldə etdiyi nailiyyətlər bu sahədə strukturlaşmanın daha da təkmilləşdirilməsinə ehtiyac yaratmışdı. Bunun nəticəsində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 9 noyabr tarixli qərarı əsasında Azərbaycan Elmi-Tədqiqat İnstitutunun Əsasnaməsi təsdiq edildi. Məhz bu institutun bazasında sonralar SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi, daha sonralar isə Azərbaycan filialı və nəhayət, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunmuşdur”.
İclasda Cəmiyyətin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar keçiriləcək tədbirlər haqqında məlumat verilib.