AZƏRBAYCANIN ALMANİYADAKI SƏFİRİ “DİPLOMATİSCHES MAGAZİN” JURNALINA MÜSAHİBƏ VERMİŞDİR
-Xəzər dənizi hövzəsi neft və qazla zəngindir. Bundan əlavə, son zamanlar ölkənizdə yeni qızıl yataqlarının kəşf olunması barədə də xəbər verilir. Azərbaycan varlı ölkədirmi?
-Bəli, Azərbaycan varlı ölkədir. Bizim zəngin təbii sərvətlərimiz - neftimiz, təbii qazımız və qızılımız vardır. Sovet sisteminin iflasından sonra biz çoxlu çətinlikləri dəf etməyə məcbur olmuşuq. 1990-cı illərin ortalarından isə iqtisadiyyatımız uğurla inkişaf etməyə başlamışdır. bp və “Statoyl” kimi nəhəng şirkətlər Azərbaycana sərmayə qoymuşlar. Ötən il iqtisadi inkişafda 24,5 faiz artıma nail olmuşuq. Beynəlxalq Valyuta Fondu cari il üçün iqtisadi artımın 38 faiz olacağını proqnozlaşdırır. Son iki il yarımda 380 mindən çox yeni iş yerləri yaradılmışdır.
-Son zamanlar Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərindən çox danışılır. İxrac kəməri Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?
-İxrac kəməri təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün vacibdir. O, bizə iqtisadiyyatımızı inkişaf etdirmək və əhalinin güzəranını yaxşılaşdırmaq imkanı verir. İndi kəmərə xam neft vurulur, lap yaxın vaxtlarda Azərbaycan nefti yüklənmiş ilk tanker Türkiyənin Ceyhan limanından Avropaya yola salınacaqdır. Cari ilin sonunda Bakı-Tbilisi-Ərzurum qaz kəməri də işə düşəcəkdir. Hər iki ixrac boru kəməri gələcəkdə Avropanın neft və qaz təchizatında mühüm rol oynayacaqdır.
-Norveçdə olduğu kimi, Azərbaycanda da neftdən gələn gəlir Dövlət Neft Fonduna daxil olur. Bu gəlir haraya sərf edilir?
-Mən 1997-ci ildə Norveçin təcrübəsi ilə tanışlıq üçün bu ölkəyə gəlmiş Azərbaycan hökumət nümayəndə heyətinin tərkibində olmuşam. Fondumuzun əsas məqsədi qeyri-neft sektorunun inkişafına yardımçı olmaqdan ibarətdir. Fondun 1,2 milyard ABŞ dolları məbləğində vəsaiti var. Bundan Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkünün yaşayış şəraitinin yaxşılaşdırılmasına da vəsait ayrılır.
-Azərbaycanın büdcə xərcləri qarşıdan gələn dörd il müddətində 10 milyard ABŞ dolları səviyyəsinə qaldırılacaqdır. Bu vəsaitlə hansı sahələr maliyyələşdiriləcəkdir?
-Çox sahələr. Bizə sovet sistemindən acınacaqlı, pərakəndə infrastruktur miras qalmışdır. Onu yenidən qurmaq və inkişaf etdirmək lazımdır. Əmək haqları da artırılacaqdır.
-Bu baxımdan Almaniya ilə iqtisadi əməkdaşlıqda hansı perspektivlər açılır?
-Çox vacib məsələyə toxundunuz. Biz mümkün qədər daha çox alman şirkətlərinin Azərbaycana cəlb olunmasını istəyirik. Bu iş uğurla həyata keçirilir. Mən 1990-cı illərin ortalarında Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı olmuşam. O zamanlar Almaniya biznesində Azərbaycana qarşı marağı artırmağın nə qədər çətin olduğunu yaxşı xatırlayıram. İndi vəziyyət xeyli dəyişmişdir. Bu gün çox şirkətlər bizimlə əməkdaşlıq etmək istəyirlər. Artıq qarşılıqlı surətdə faydalı əməkdaşlıq əlaqələri yaranmışdır.
-Azərbaycanın üçüncü böyük şəhəri olan Sumqayıt vaxtilə Sovet İttifaqının ən zəhərli şəhəri idi. Orada ətraf mühit problemləri öz həllini tapıbmı?
-Kimya nəhəngi olan Sumqayıt planlı sovet təsərrüfatı sisteminin mirası idi. Bu gün bizə belə təsərrüfat gərək deyildir. Yaponiya və Almaniyanın tanınmış şirkətləri orada müasir qurğuların yaradılması layihələrinə sərmayə qoyurlar. Şəhərin böyük inkişaf perspektivləri vardır. Sumqayıtı azad ticarət zonasına çevirmək də əsas məqsədlərdəndir.
-Avropa İttifaqının xarici işlər komissarı xanım Benita Ferrero-Valdner bu yaxınlarda Azərbaycana səfər etmişdi. Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi də danışıqların gündəliyində olmuşdur. Sizcə, bunun üçün hansı şans və imkanlar mövcuddur?
-Biz bu barədə saatlarla söhbət edə bilərik. Həmişə deyildiyi kimi, burada söhbət ərazimizin beşdə bir hissəsinin işğalından və bir milyon qaçqın və məcburi köçkünün aqibətindən gedir. Biz münaqişənin həllinin tərəfdarıyıq və Dağlıq Qarabağ bölgəsinə dünyada mövcud olan ən yüksək muxtariyyət statusu verməyə, Ermənistana nəqliyyat dəhlizi açmağa hazırıq. Azərbaycan münaqişənin dinc yolla həllinin tərəfdarıdır və 1994-cü ildən başlayaraq sülh danışıqlarını davam etdirir. Amma Dağlıq Qarabağa müstəqillik verilməsini və yaxud onun özünə birləşdirilməsini istəyən Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından münaqişənin həlli mümkün olmur. O, nəhayət başa düşməlidir ki, vəziyyət belə qala bilməz.