Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol ölkəmizə siyasi zəmanət qazandırır
Bakı, 21 dekabr, AZƏRTAC
Bu gün dünyada baş verən siyasi proseslər və nəticədə meydana çıxan silahlı münaqişələr böyük iqtisadi problemlər yaradıb ki, bu problemlərin də həll olunması üçün yollar axtarılır. Avropada yaranan enerji böhranı və qitə dövlətlərinin alternativ yollar axtararaq Azərbaycana müraciət etmələri, əslində, təbiidir. Ölkəmiz zəngin neft və qaz ehtiyatlarına malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən strateji xətt quraraq bu resurslardan düzgün istifadəsi rəsmi Bakıya yalnız iqtisadi dividendlər deyil, həm də siyasi zəmanət qazandırır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin Albaniya və Rumıniya səfərləri, imzalanan sənədlər ölkəmizin Avropa üçün nə qədər mühüm olduğunu göstərdi. Məlum oldu ki, Azərbaycan təkcə Cənubi Qafqaz regionunda yox, həm də Balkan ölkələrinin də enerji siyasətində söz sahibinə çevrilib. Bütün bunlara Azərbaycan dövlətinin real addımları ilə nail olmaq mümkün olub. Belə addımlardan biri ondan ibarətdir ki, Azərbaycan qazının Balkan dövlətlərinə nəql olunması üçün 5 milyard kubmetr ötürücülük imkanına malik İon-Adriatik qaz kəmərinin tikintisi nəzərdə tutulub. Bu kəmər Trans-Adriatik qaz kəmərinin davamı olacaq. Azərbaycan qazı Trans-Adriatik qaz kəməri vasitəsilə Albaniyaya nəql edildikdən sonra, digər Balkan ölkələrinə çatdırılması üçün İon-Adriatik kəməri inşa ediləcək. İon-Adriatik qaz kəməri Trans-Adriatik qaz kəməri ilə məhz Albaniya ərazisində birləşəcək. İki qaz kəməri birləşdikdən sonra Azərbaycan qazı Xorvatiya, Monteneqro, Bosniya və Herseqovinaya çatdırılacaq. Dəyəri 620 milyon avro olan bu kəmərin tikintisi haqqında razılaşma 2007-ci ildə imzalanıb və 2025-ci ilə kimi tikilib başa çatdırılması nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Albaniyaya səfəri zamanı Azərbaycanın Albaniyanın qazlaşdırılmasına sərmayə yatırmağa hazır olduğunu bəyan edib. Bu yatırım Azərbaycan qazının balkan ölkələrinə çatdırılmasını təmin etməklə yanaşı, dövlət büdcəsinin gəlirlərini də artırmış olacaq. Bu gün Azərbaycan Avropanın etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığını ortaya qoyur.