AZƏRBAYCANIN CƏZAÇƏKMƏ YERLƏRİNDƏ VƏRƏM ƏLEYHİNƏ MÜBARİZƏ İLƏ BAĞLI PEŞƏKAR İŞÇİ QRUPU YARADILMIŞDIR
Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müşavirədə ədliyyə nazirinin müavini A.Qasımov, səhiyyə nazirinin müavini A.Vəlibəyov, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi F.Abdullayev, Almaniyanın GTZ təşkilatının “Vərəm əleyhinə mübarizə” Cənubi Qafqaz Regional Proqramının əlaqələndiricisi K.Heninq, həmin proqramın əməkdaşı O.Gözəlov, BQXK-nın Cənubi Qafqaz regional nümayəndəliyinin vərəm problemləri üzrə əlaqələndiricisi F.Kreaş, bu qurumun Bakı nümayəndəliyinin vərəm problemləri üzrə əlaqələndiricisi E.Kəbirlinski, MQİBİ-nin baş ftiziatrı F.Cəfərov, Səhiyyə İdarəsinin rəisi X.Dadaşov, iştirak etmişlər.
Müşavirədə çıxış edən ədliyyə nazirinin müavini A.Qasımov Azərbaycanın cəzaçəkmə yerlərində 1997-ci ildən etibarən vərəmli xəstə məhkumların Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi DOTS proqramına uyğun müalicə işinin uğurla aparıldığını, bunun sayəsində ölüm göstəricilərinin 3 dəfədən çox azaldığını qeyd etməklə yanaşı, bir sıra problemlərin mövcud olduğunu da vurğulamışdır. O demişdir ki, son dövrdə “multirezistent” formalı (MDR) xəstələrin sayının artması müşahidə edilir və belə xəstələrin adekvat müalicədən kənarda qalması heç bir sağlam məntiqə uyğun deyildir. Bu xəstələrin müalicəsi üçün DOTS (+) proqramına uyğun müalicə şəbəkəsinin qurulması zərurətə çevrilmişdir. Nazir müavini əlaqədar təşkilatları cəzaçəkmə yerlərində “multirezistent” formalı xəstələrin müalicəsi üçün DOTS (+) proqramına uyğun müalicə şəbəkəsinin yaradılması məqsədi ilə əməkdaşlığa və yardımçı olmağa dəvət etmişdir.
Müşavirədə çıxış edən səhiyyə nazirinin müavini A.Vəlibəyov “multirezistent” formalı xəstələrin sayının artmasına gətirib çıxaran səbəbləri qeyd etməklə yanaşı, penitensiar sistemdə DOTS (+) proqramına uyğun müalicə şəbəkəsinin yaradılması təcrübəsindən gələcəkdə Səhiyyə Nazirliyinin də bəhrələnməsinin əhəmiyyətindən danışmış və təmsil etdiyi qurumun rəhbərliyinin bu işə yardımçı olacağını bildirmişdir.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi F.Abdullayev təşəbbüsü dəstəklədiyini bildirərək, qeyd etmişdir ki, bu məsələ 1 ildən artıqdır ki, qaldırılıb. DOTS proqramının penitensiar sistemində 7 ildən artıq işlədiyini nəzərə alsaq, DOTS (+) proqramının pilot müalicə şəbəkəsinin qurulmasının zəruriliyi aşkar görünər və bu təcrübədən də DOTS “relsinə” keçməkdə olan Səhiyyə Nazirliyi gələcəkdə istifadə edə bilər. Bu baxımdan o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər cür yardım və dəstək göstəriləcəyini vurğulamışdır.
BQXK-nın Cənubi Qafqaz regional nümayəndəliyinin vərəm problemləri üzrə əlaqələndiricisi F.Kreaş bildirmişdir ki, Azərbaycanda DOTS (+) proqramının pilot müalicə şəbəkəsinin yaradılmasına böyük ehtiyac vardır və onun təmsil etdiyi qurum “multirezistent” formalı xəstələrin müalicəyə cəlb olunmasını zəruri hesab edir.
Almaniyanın GTZ təşkilatının “Vərəm əleyhinə mübarizə” Cənubi Qafqaz Regional Proqramının əlaqələndiricisi K.Heninq müzakirə olunan məsələ ilə əlaqədar yüksək səviyyəli işçi qrupunun yaradılmasını təklif etmişdir.
Ədliyyə nazirinin müavini A.Qasımovun təklif etdiyi tərkibdə işçi qrup yaradılmışdır. İşçi qrupa qısa müddətdə “Yaşıl işıq” komitəsinə müraciət edilməsi üçün lazımi sənədlərin tərtib olunması və göndərilməsinin təmin edilməsi tapşırılmışdır.