Azərbaycanın çoxvektorlu xarici siyasəti öz bəhrəsini verir – ŞƏRH
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirak edərək ilk gündə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə nümayəndəsi, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas, Bolqarıstan Prezidenti İliyana Yatova, Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak, Ukrayna Prezidenti Volodimir Zelenski və başqaları ilə görüşü Azərbaycanın artıq dünya siyasətində aparıcı dövlət olduğunu göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Naxçıvan Dövlət Universitetinin professoru Çingiz Axundov deyib.
Onun sözlərinə görə, Münxen Təhlükəsizlik Konfransına yola düşməzdən əvvəl ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri və imzalanan Strateji Tərəfdaşlıq haqqında saziş onu deməyə əsas verir ki, rəsmi Bakının çoxvektorlu xarici siyasət kursu bəhrəsini verir.
“Bu bəhrələr ondan ibarətdir ki, ABŞ Zəngəzur dəhlizini nəinki dəstəkləyir, eləcə də onun inkişafına sərmayə yatırmağa və təhlükəsizliyini təmin etməyə hazırdır. Bu dəhlizin Azərbaycana yalnız iqtisadi deyil, həmçinin böyük siyasi faydası da var. Əvvəlcə bu dəhliz Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər rayonları arasında kommunikasiya yaradacaq ki, bu da ümumi iqtisadiyyatın artım tempinə təkan verəcək. Digər tərəfdən Mərkəzi Asiya respublikalarından Avropaya və əks istiqamətə yüklərin daşınması iqtisadi aspektdən tranzit gəlir gətirəcək, siyasi tərəfdən isə zəmanətlə təmin edəcək. Yəni Avropa və Asiya dövlətləri yüklərinin daşındığı ərazilərdə daim sülh və sabitliyin hökm sürməsində maraqlı olacaqlar”, - deyə professor vurğulayıb.
Ç.Axundov qeyd edib ki, Azərbaycanın yerləşdiyi coğrafiyaya nəzər salanda siyasi zəmanətin müstəqilliyimiz üçün olduqca əhəmiyyətli olduğu görünür: “Çoxvektorlu xarici siyasətin Avropa istiqaməti də mühüm xarakter daşıyır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynayan dövlətə çevrilib. Artıq Avropanın 16 ölkəsinə təbii qaz ixrac edirik. Bu, sadəcə, ticarət əlaqəsi deyil. Bu gün Avropa enerji böhranı yaşayır, təbii qazın qiyməti dəfələrlə artıb. Azərbaycan Cənub Qaz Dəhlizini inşa etməsəydi bu gün Avropada enerjidaşıyıcıların qiyməti daha çox artardı. Məlumdur ki, enerji böhranı iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərir. Özünün enerji təhlükəsizliyini dayanıqlı etmək və enerji idxalını artırmaq üçün Avropa Azərbaycanda sabitliyin və iqtisadi artımın davamlı olmasını istəyəcək. Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında qalib dövlət başçısı kimi iştirakı da xüsusi maraq doğurur. Bu gün dünyada lokal və qlobal xarakterli silahlı toqquşmalar davam edir. Belə bir mühüm beynəlxalq tədbirdəki görüşlərdə qələbəmizin həm hərbi-siyasi, həm də diplomatik cəhətləri müzakirə olunur və bu təcrübədən istifadə etməyə çalışırlar”.