AZƏRBAYCANIN EFİR MƏKANI QANUNSUZ YAYIMLANAN TV PROQRAMLARINDAN TƏMİZLƏNMƏLİDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müşavirədə həmsərhəd ölkələrin televiziya və radio proqramlarının Azərbaycanın efir məkanına müdaxiləsi, bunun səbəbləri, eləcə də problemin tezliklə aradan qaldırılması yolları müzakirə olunmuşdur. Nazir müşavirədə çıxışında respublikanın efir məkanında Ermənistanın da bir sıra televiziya verilişlərinin qanunsuz yayımlanması faktini təsdiq etmişdir.
Ə.Abbasov AzTV-1 və respublika radiosunun 1-ci proqramının ölkə ərazisində yüksək keyfiyyətlə yayımlanması, eləcə də bəzi TV kanallarının Azərbaycanın efir məkanında qanunsuz yayımlanmasının qarşısının alınması barədə göstəriş vermişdir.
Nazir yaranmış problemin həlli ilə bağlı MDB çərçivəsində fəaliyyət göstərən Regional Əməkdaşlıq Təşkilatı qarşısında məsələ qaldırıldığını və yaxın vaxtlarda həmin təşkilatlarla birlikdə qarşılıqlı müzakirələr aparılacağını bildirmişdir.
“Teleradio” İstehsalat Birliyinin işini qeyri-qənaətbəxş hesab edən nazir birliyin rəisi Rəcəb Abdurrahmanovu tutduğu vəzifədən azad etmişdir.