AZƏRBAYCANIN GƏLƏCƏKDƏ DƏ SÜRƏTLİ İQTİSADİ İNKİŞAFI ÜÇÜN İNDİDƏN ETİBARLI ZƏMİN YARADILMIŞDIR
Ötən il iqtisadi qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi də davam etmiş, 20-dən çox qanun, o cümlədən “İpoteka haqqında”, “Sosial sığorta haqqında”, “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında” “Telekommunikasiya haqqında” və sair mühüm sənədlər qəbul edilmişdir.
Azərbaycan iqtisadiyyatının lokomotivi sayılan neft-qaz sektorunda layihələrin həyata keçirilməsi, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası ölkəmizin uzun illər üçün davamlı inkişafının möhkəm təməlini yaratmışdır. Neftin müxtəlif istiqamətli ixrac infrastrukturunun mövcudluğu Azərbaycanı gələcəkdə hər hansı təzyiqdən qorumaq imkanı verir və bu baxımdan iqtisadi təhlükəsizliyimizin mühüm amilidir.
2005-ci ildə neft sazişlərinin həyata keçirilməsindən əldə edilmiş 660 milyon yeni manat həcmində gəlir, ötən illərdə olduğu kimi, ölkəmizin iqtisadi qüdrətinin artmasına, sosial baxımdan çox ehtiyacı olan vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Belə ki, Ağdam, Füzuli, Biləsuvar, Bərdə və Ağcabədi rayonları ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsinə təxminən 40,4 milyon yeni manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına 41 milyon yeni manat xərclənmiş, dövlət büdcəsinə 150 milyon yeni manat məbləğində vəsait köçürülmüşdür.
Neft-qaz sektorundakı uğurlar digər istehsal sahələrinin yüksək sürətlə inkişafını təmin etmiş və nəticədə ötən il sənaye məhsulunun artımı 33,5 faiz təşkil etmişdir.