Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirmişdir
Tbilisi, 26 fevral (AZƏRTAC). Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə Xocalı soyqırımına həsr olunmuş anma tədbiri keçirmişdir.
Tədbiri Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn açmış, iştirakçılara Xocalı qətliamı barədə ətraflı məlumat vermişdir. Diplomat Xocalı şəhərinin dinc sakinlərinin amansızcasına qətlə yetirilməsinin ermənilərin Dağlıq Qarabağda törətdikləri ən qəddar vəhşiliklərdən olduğunu bildirmişdir. Səfir demişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Xocalı faciəsi ayrı-ayrı dövlətlər tərəfindən tanınır. A.Hüseyn demişdir ki, güclü və qüdrətli Azərbaycan qarşısında Ermənistan bütün sahələrdə getdikcə acizləşir, dünya birliyində ermənilərin işğalçılıq siyasətinə etirazlar artır.
Gürcüstan parlamentinin komitə sədri Zurab Tkemaladze AZƏRTAC-a demişdir ki, belə bir hadisənin törədilməsi dəhşətdir. Gürcüstan da Azərbaycan kimi ərazisinin bir hissəsinin işğalı problemi ilə üzləşmişdir. Deputat Xocalıda baş verənlərin Azərbaycan xalqı üçün böyük faciə olduğunu demiş və bütün münaqişələrin sülh yolu ilə tənzimlənməsini arzulamışdır.
“ART-Paralel” televiziya şirkətinin direktoru Tengiz Txilava 21 il bundan əvvəl Xocalıda baş verənlərin faciə deyil, konkret olaraq Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı olduğunu demişdir. O qeyd etmişdir ki. Xocalı hadisəsi zamanı insan hüquqları bütün sahələrdə pozulmuşdur. Bu soyqırımı yalnız Xocalıda qətlə yetirilənlərin, onların yaxınlarının faciəsi deyil, həm də onu törədənlərin faciəsidir. Onlar insanlığa qarşı cinayət törətmişlər və beynəlxalq hüquq qarşısında cavab verməlidirlər.
Suxumi Dövlət Universitetinin professoru Quram Marxulia, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Gürcüstan-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri Tamara Lalporadze və başqaları diqqəti özgə torpaqları hesabına özlərinə dövlət qurmuş ermənilərin xainlik, hiyləgərlik və qəddarlığına yönəltmiş, Xocalı hadisəsinə tezliklə ədalətli qiymət veriləcəyinə əmin olduqlarını vurğulamışlar.
Eyni zamanda, tədbirdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə müxtəlif dillərdə işıq üzü görmüş kitablar, fotolar və dünyanın müxtəlif kütləvi informasiya vasitələrində Xocalı hadisələri ilə əlaqədar dərc olunmuş məqalələrin surətlərindən ibarət böyük sərgi də təşkil olunmuşdur.
Sonda “Xocalı qətliamı” filmi nümayiş etdirilmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi