AZƏRBAYCANIN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏ OLMUŞDUR
“Azərbaycan - inkişaf davam edir” mövzusunda çıxış edən Rüfət Mahmud son illərdə ölkəmizin iqtisadi həyatında mühüm dəyişikliklər baş verməsini ön plana çəkmiş, Prezident İlham Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü fəaliyyətindən, qazanılan uğurlardan, əsas məqsədin regionların iqtisadi bazasının möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə yönəldildiyindən, gələcəkdə Azərbaycanın iqtisadi baxımdan qüdrətli bir dövlətə çevriləcəyindən danışmışdır.
Ölkəmizin təmsilçiləri respublikamızla bağlı keçirilən “dəyirmi masa” ətrafında aparılan müzakirələrdə də iştirak etmişlər.
Plenar məruzələrdən sonra regionla bağlı fransız ekspertlərinin və iş adamlarının çıxışları dinlənilmişdir. Fransanın Bakıdakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Mişel Jelenin “Azərbaycan - neft və iqtisadi diversifikasiya siyasəti” mövzusundakı məruzəsində əsas diqqəti Azərbaycanın getdikcə daha sürətli inkişafı məsələsinə çəkmiş, ölkəsinin iş adamlarını Azərbaycanla əməkdaşlığa çağırmışdır.
“CİFAL” şirkətinin prezidenti və baş direktoru Jil Remi, “SALANS” şirkətinin nümayəndəsi Ceyms Hoqan, “Sosiete General” bankının region üzrə meneceri Denis Davidof da ölkəmizin əhəmiyyətini və iqtisadi yönümlü inkişafını xüsusi vurğulamışlar.
“TOTAL” şirkətinin Orta Asiya üzrə bölməsinin rəhbəri Jan-Mişel Salvador şirkətin Azərbaycandakı fəaliyyəti və onun perspektivləri barədə söz açmışdır.
“Dəyirmi masa”da səslənən suallar əsasən ölkəmizdəki işgüzar, mühüm və konkret layihələrlə bağlı olmuşdur. Erməni mənşəli fransız vətəndaşı A.Qriqoryan bir neçə dəfə sualla müraciət edərək, dolayısı yolla birgə regional layihələrin zəruriliyi ilə bağlı fikirlər söyləməyə çalışmışdır. “GASTEL” şirkətinin BİH Eastem bölümünün baş direktoru Jan-Pol Lafransi ona cavab verərək, regional layihələrin həyata keçirilməsinə mane olan səbəb aradan qalxmayınca belə əməkdaşlığın qeyri-mümkünlüyünü bəyan etmişdir.
Seminara dövlət nümayəndələri, işgüzar dairələr və kütləvi informasiya vasitələrini təmsil edən 130 nümayəndə qatılmışdır.