AZƏRBAYCANIN İŞ ADAMLARI FRANSADA BEYNƏLXALQ SƏRGİ İLƏ TANIŞ OLMUŞLAR
Azərbaycanın qida məhsulları istehsalı ilə məşğul olan 9 müəssisəsinin sərgidə iştirakı yalnız tanışlıq xarakteri daşımışdır.
“Xəzər-balıq MM” şirkətinin prezidenti Aydın Soltanov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: SİAL dünyada ən iri qida sənayesi sərgilərindən biri hesab edilir. Ölkəmizin “Abşeron-Şərab” səhmdar cəmiyyətinin, Masallının “Nur-M”, Naxçıvanın “Sirab”, Lənkəranın “Vitra”, Qubanın “SAF”, Sumqayıtın “Bismak” firmalarının və daha iki firmanın rəhbərləri ilk dəfədir ki, belə mötəbər beynəlxalq sərgidə müşahidəçi kimi iştirak etmişlər. İş adamlarının bu səfəri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) texniki yardımı və ölkəmizin İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə təşkil olunmuşdur. Əsas məqsəd Azərbaycan şirkətlərinin Avropa bazarlarında iştirakının genişləndirilməsi imkanlarını araşdırmaq, yeni işgüzar əlaqələr yaratmaq, qabaqcıl təcrübə, Avropa qida sənayesi məhsullarının keyfiyyəti ilə tanış olmaq, məhsullarımızın dünya bazarına çıxarılması yollarını öyrənməkdən ibarətdir. Səfər çərçivəsində almaniyalı mütəxəssis azərbaycanlı iş adamlarına faydalı məsləhətlər vermiş, istehsal etdiyimiz məhsulların keyfiyyətini yüksəltmək və dünya standartlarına uyğunlaşdırmaq üçün müasir tipli yeni avadanlığın istifadəsinin vacibliyini bildirmişdir.