Azərbaycanın Milli Qurtuluş Günü Gürcüstanda qeyd olunub
Tbilisi, 15 iyun, AZƏRTAC
Milli Qurtuluş Günü qonşu Gürcüstanda da təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, səfirliyin və şirkətin əməkdaşları, jurnalistlər, ictimaiyyət nümayəndələri iyunun 15-də Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Sonra səfir və digər rəsmi şəxslər Rustavi şəhərinə gələrək buradakı parkda müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət ediblər.
Səfir ictimaiyyət nümayəndələri ilə görüşdə Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb.
Bildirilib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi